BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

7 Avqust, 2026 - 12:32
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Bakı Mühəndislik Universitetinin (BMU) “Maliyyə” ixtisasının məzunu Rauf Mirişli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qaliblərindən biri olub.

BMU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, Rauf Mirişli 690 balla BMU-ya qəbul olub və Prezident təqaüdünə layiq görülüb. O, bakalavr təhsilini 96,3 ümumi orta müvəffəqiyyət göstəricisi ilə uğurla başa vurub.

BMU məzunu Dövlət Proqramı çərçivəsində ABŞ-nin nüfuzlu universitetlərindən biri olan Vaşinqton Universitetində (University of Washington) "Daşınmaz əmlak" ixtisası üzrə magistratura təhsilini davam etdirəcək.

Peşəkar fəaliyyətinə də təhsil aldığı ixtisas üzrə başlayan Rauf Mirişli “PAŞA Bank” və “Bank Respublika”da çalışıb. Hazırda "Azərbaycan Dəmir Yolları" QSC-də böyük iqtisadçı vəzifəsində fəaliyyət göstərir.

Rauf Mirişli xaricdə əldə edəcəyi bilik və təcrübəni Azərbaycanda tətbiq etməyi, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa layihələrinə, eləcə də Bakının daşınmaz əmlak sektorunun inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.