Böyük Britaniyada universitetlər birləşdi: ilk "superuniversitet" yaradıldı

3 Avqust, 2026 - 14:37
Böyük Britaniyada universitetlər birləşdi: ilk "superuniversitet" yaradıldı

Böyük Britaniyada ilk dəfə iki ali təhsil müəssisəsinin birləşməsi nəticəsində "superuniversitet" yaradılıb.

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, Kent Universiteti və Qrinviç Universiteti birləşərək London və Cənub-Şərq Universitetlər Qrupu (LASE – London and South East University Group) adlı yeni ali təhsil qurumunu yaradıblar.

Yeni universitetlər qrupu 50 mindən çox tələbəni və Meduey və Kentdə yerləşən dörd kampusu özündə birləşdirir. Bununla da LASE tələbə sayına görə Böyük Britaniyanın üçüncü ən böyük universitet qurumuna çevrilib.

Bununla yanaşı, Kent Universiteti və Qrinviç Universiteti ayrıca akademik bölmələr kimi fəaliyyətlərini davam etdirəcək. Universitetlər mövcud adlarını saxlayacaq, tələbələr isə əvvəlki qaydada seçdikləri universitetə qəbul olunacaq və həmin ali təhsil müəssisəsinin diplomunu alacaqlar.

Universitetlər birləşmə planını ötən ilin sentyabrında açıqlamışdılar. Yeni qurumun rəsmi təqdimatı isə 7 sentyabr tarixində, qərarın elan edilməsindən düz bir il sonra keçiriləcək.

Birləşmə Böyük Britaniyada ali təhsil sektorunun ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi dövrə təsadüf edir. Bu ilin əvvəlində parlamentin Təhsil Komitəsi İngiltərədə ilk dəfə bir universitetin müflisləşərək bağlanması riskinin real olduğunu bildirmişdi.

Kent və Qrinviç universitetləri bildiriblər ki, birləşmə iqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün daha dayanıqlı maliyyə bazası yaradacaq və gələcəkdə digər universitetlər üçün də nümunə ola bilər. Bundan əvvəl London Kral Kolleci və Krenfild Universiteti də 2027-ci ilin avqustunda birləşmək niyyətlərini açıqlamışdılar.