Britaniyada 16 yaşdan kiçiklər üçün sosial şəbəkələrə giriş məhdudlaşdırılacaq

8 İyun, 2026 - 16:34
Britaniyada 16 yaşdan kiçiklər üçün sosial şəbəkələrə giriş məhdudlaşdırılacaq

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağa hazırlaşır. 

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Keir Starmer yaxın günlərdə bu məsələ ilə bağlı yeni siyasəti açıqlayacaq.

Britaniya mediasının məlumatına görə, hökumət uşaqların psixi sağlamlığına və onlayn təhlükəsizliyinə mənfi təsir göstərən platformalara çıxışın məhdudlaşdırılmasını nəzərdən keçirir. Bununla yanaşı, daha təhlükəsiz hesab edilən bəzi sosial media xidmətlərinin istifadəsinə icazə verilə bilər.

Müzakirə olunan variantlar arasında 16 yaşdan kiçiklər üçün sosial şəbəkələrə tam qadağa, istifadə vaxtının məhdudlaşdırılması, gecə saatlarında girişin bağlanması və platformaların asılılıq yaradan funksiyalarının məhdudlaşdırılması da yer alır.

Məlumata görə, Baş nazirin mövqeyinin dəyişməsinə sosial şəbəkələrdə zərərli məzmunun qurbanı olmuş uşaqların ailələri ilə görüşlər və ötən ilin sonunda tətbiq edilən Avstraliya təcrübəsi təsir göstərib. Avstraliya artıq 16 yaşdan kiçiklərin bəzi sosial media platformalarından istifadəsinə qadağa tətbiq edib.

Bununla belə, Britaniyada bütün platformalara ümumi qadağa qoyulması ideyası birmənalı qarşılanmır. Uşaq təhlükəsizliyi sahəsində fəaliyyət göstərən təşkilatlar hesab edirlər ki, əsas diqqət yaş məhdudiyyətindən çox platformaların təhlükəsizlik standartlarına yönəldilməlidir. Onların fikrincə, sonsuz xəbər lentləri, yoxa çıxan mesajlar və davamlı bildirişlər kimi riskli funksiyalar uşaqlar üçün əlçatan olmamalıdır.

Hökumət tərəfindən aparılan ictimai məsləhətləşmələrin nəticələri əsasında yekun qərarın verilməsi gözlənilir. Rəsmi London bildirir ki, məqsəd texnologiyanın üstünlüklərini qorumaqla yanaşı, uşaqların onlayn mühitdə daha etibarlı şəkildə fəaliyyət göstərməsini təmin etməkdir.