BŞTİ rəhbərliyi valideynlərlə açıq müzakirələrə qatılıb

23 Dekabr, 2025 - 10:18
BŞTİ rəhbərliyi valideynlərlə açıq müzakirələrə qatılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə valideyn konfransları davam edir.  

BŞTİ-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində növbəti görüşlər Nəsimi rayonu üzrə 35 nömrəli tam orta ümumtəhsil məktəbində, Səbail rayonu üzrə 49 nömrəli “İntellekt” məktəb-liseyində təşkil olunub.

Konfranslarda MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova, BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova, müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.  

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova sağlam düşüncəli, milli dəyərlərə bağlı və zamanın tələblərinə uyğun bacarıqlara sahib gənclər yetişdirmək işində müəllim-şagird-valideyn üçbucağının qarşılıqlı əlaqəsinin vacibliyindən danışıb. Valideynlərin məktəb həyatında fəal iştirakının əhəmiyyətindən söz açan N.Hüseynova bildirib ki, bu əməkdaşlıq genişlənərsə, şagirdlərin təlim-tərbiyəsində səmərəlilik artar, tədris nəticələri daha da yüksələr, valideyn-müəllim əməkdaşlığında daha yaxşı ünsiyyət mühiti yaranar. İdarə müdiri valideynlərin məktəb ətrafında təşkilatlanması prosesinin daha şəffaf və səmərəli şəkildə qurulmasının əhəmiyyətindən danışaraq onları bu istiqamətdə açıq əməkdaşlığa dəvət edib.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova məktəb-icma əməkdaşlığının gücləndirilməsinin uşaqların təhlükəsiz mühitdə, keyfiyyətli təhsil alması üçün vacib olduğunu diqqətə çatdırıb, şagird davranış qaydaları, intizam məsələləri və bu sahədə valideynlərin məsuliyyəti barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, valideynlərin təhsil prosesindəki aktiv iştirakı və açıq kommunikasiya mexanizmlərinin tətbiqi məktəb həyatının səmərəliliyinin və şəffaflığının artırılmasına təkan verəcək.

BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova konfranslarda “Uşaqlarda məsuliyyət və özünüidarə bacarığının formalaşdırılması”, “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” mövzularında təqdimatlarla çıxış edərək uşaqların düzgün davranış vərdişlərinə təşviq edilməsi, məsuliyyət hissinin formalaşdırılması və rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi yolları barədə valideynləri məlumatlandırıb, praktik tövsiyələr verib.

Daha sonra konfrans valideynlərlə interaktiv müzakirə formatında davam etdirilib, müxtəlif mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşaqların hərtərəfli inkişafına dəstək vermək,  həmçinin təlim-tərbiyə prosesində valideynlərin iştirakını davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq etməkdən ibarətdir.

Valideyn konfranslarının paytaxtın bütün inzibati rayonları üzrə təşkil olunması nəzərdə tutulur.

Valideyn konfranslarının informasiya dəstəyi Təhsil TV və “Azərbaycan müəllimi” qəzetidir.