Bu il 160 nəfər dünyanın ən yaxşı 10 universitetində təqaüdlə təhsil alacaq
Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na əsasən, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması nəzərdə tutulub və uğurla icra olunur.
“Azərbaycan müəllimi” xəbər verir ki, 2022-2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizini magistratura səviyyəsi təşkil edib. 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edir.
Proqram çərçivəsində 2024-2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, 2025-2026-cı tədris ili üzrə isə 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb. Proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar.
Bu il proqramın əhatəliliyi daha da artıb. Belə ki, Dövlət Proqramı çərçivəsində ilk dəfə gənclərimizə mədəniyyət və incəsənət sahəsi üzrə xaricdə təhsil imkanı yaradılıb.



