Bu il doqquz bölgənin musiqi müəllimləri attestasiyadan keçiriləcək
"Bu il 9 bölgə üzrə Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində attestasiya prosesi aparılacaq".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ümumilikdə, il ərzində 8 min müəllimin attestasiyaya cəlb olunacağı planlaşdırılıb.
Nazirlik rəsmisi builki attestasiya prosesinin fevralın 10-da başlanılacağını və prosesin iyul ayına qədər yekunlaşacağını bildirib:
"Yalnız Naxçıvandakı təhsil müəssisələrinin təhsilverənləri üçün attestasiya ilin sonunda keçiriləcək. Attestasiya prosesində müəllimlərin ixtisasına və tədris etdiyi fənnə aid olmayan sual və materiallar yoxdur. Attestasiya proqramı bir ildən çoxdur ki, müəllimlərə təqdim olunub".



