Bu il ən çox  plan yeri hansı ixtisaslara ayrılıb?

10 Avqust, 2026 - 15:29
Bu il ən çox  plan yeri hansı ixtisaslara ayrılıb?

Bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə ən çox plan yeri ayrılan ixtisaslar məlum olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, I ixtisas qrupunda ən çox plan yeri Azərbaycan Memarlıq və İnşaat Universitinin “İnşaat mühəndisliyi” ixtisası üzrədir.

Bu ixtisas üçün plan yerlərinin sayı 180-dir (əyani), ödənişli təhsil alacaq tələbələr üçün isə illik ödəniş məbləği 2600 manat müəyyən edilib. 

II ixtisas qrupunda ən çox plan yeri Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat” ixtisası üzrədir. Bu ixtisas üçün əyani təhsil forması üzrə 335, qiyabi təhsil forması üzrə isə 20 plan yeri ayrılıb. Burada ödənişli təhsil alanlar üçün təhsil haqqının məbləği 2300 manat olacaq.

III ixtisas qrupunda ən çox plan yeri Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisası üzrə ayrılıb.

Bu ixtisas üzrə 475 (əyani) plan yeri ayrılıb, ixtisas üzrə ödənişli təhsil alanlar üçün illik ödəniş məbləği isə 3000 manatdır.

IV ixtisas qrupunda ən çox plan yeri Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisası üzrə ayrılıb. Bu ixtisas üzrə Azərbaycan bölməsi üçün 520 yer, ingilis dilində olan qruplar üçün 15, rus dilində oxumaq istəyənlər üçün 65 plan yeri ayrılıb. İxtisas üzrə ödənişli təhsil alanlar üçün illik təhsil haqqı 5000 manatdır.

V ixtisas qrupunda ən çox plan yeri Azərbaycan İdman Akademiyasının “Fiziki tərbiyə və çağırışaqədərki hərbi hazırlıq müəllimliyi” üzrədir. Bu ixtisas üzrə 275 plan yeri ayrılıb, burada ödənişli təhsil alanlar üçün illik ödəniş məbləği 3000 manatdır.