Bu ixtisaslar üzrə qabiliyyət imtahanı fənlərinin sayı azaldılıb
Tam orta (11 illik) təhsil bazasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinin rəngkarlıq (sahələr üzrə), qrafika üzrə texnik, teatr dekor sənəti, dekorativ – tətbiqi sənət (sahələr üzrə) və dizayn (sahələr üzrə) ixtisasları üzrə qabiliyyət imtahanı fənlərinin sayı azaldılıb.
Dövlət İmtahan Mərkəzindən "Azərbaycan müəllimi"nə bildirilib ki, qeyd olunan ixtisasların daxil olduğu 1601 kodlu qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçmiş abituriyentlər 2026-cı ildə yalnız rəsm fənnindən imtahan verəcəklər.
"Heykəltəraşlıq" ixtisasının daxil olduğu 1701 kodlu qabiliyyət imtahanı komissiyası üzrə fənlərin sayında dəyişiklik olmayıb. Abituriyentlər tam orta (11 illik) təhsil bazasında heykəltəraşlıq ixtisasına daxil olmaq üçün rəsm və yapma fənlərindən qabiliyyət imtahanı verəcəklər.
Təsviri sənət və memarlıq istiqamətlərinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Təsviri sənət/Memarlıq” adlı vəsaitdə nəşr ediləcək.


