“Bu layihə müəllimi də, şagirdi də dəyişir” – Valideynlər razılıq edirlər

14 Noyabr, 2025 - 12:26
“Bu layihə müəllimi də, şagirdi də dəyişir” –  Valideynlər razılıq edirlər

Təhsil sistemində aparılan islahatların əsas məqsədlərindən biri şagirdlərin ali məktəblərə qəbul imtahanlarına daha sistemli, məqsədyönlü və səmərəli hazırlaşmasını təmin etməkdir. Bu baxımdan “Tam orta məktəb” layihəsi Gəncə-Daşkəsən regionunda qısa müddətdə həm müəllimlərin, həm də valideynlərin böyük rəğbətini qazanıb. Layihə 10-11-ci sinif şagirdlərini buraxılış və qəbul imtahanlarına hazırlamaqla yanaşı, onların bilik və bacarıqlarını inkişaf etdirməyi, müasir təlim prinsiplərinə əsaslanan ödənişsiz, bərabər imkanlı təhsil mühiti yaratmağı qarşısına məqsəd qoyur.

Peşəkarlıq və yenilikçi təlim yanaşması

Goranboy rayonu Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbdə uğurla icra olunan layihəyə  3 qrupda 15 nəfər olmaqla 45 şagird cəlb olunub. Layihənin fəal iştirakçılarından biri, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Baxşəliyevadır.

O, həmçinin Dövlət İmtahan Mərkəzinin ekspert və marker qrupunun üzvü, Təhsil İnstitutu və Təhsildə İnnovativ Texnologiyalar Mərkəzinin təlimçisidir. 2023-cü ildə Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı, 2025-ci ildə isə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
MCE (Microsoft Certified Educator) və ICDL beynəlxalq sertifikatlarına malik olan müəllim layihə ilə bağlı fikirlərini belə ifadə edir: “Layihə şagirdlərə həm buraxılış, həm də qəbul imtahanlarına hazırlıqda real dəstək olur. Dərslər Dövlət İmtahan Mərkəzinin proqramı əsasında tərtib edilir, burada həm testlər, həm də yazılı tapşırıqlar üzərində sistemli iş aparılır. Şagirdlərin marağı çox yüksəkdir, onlar anlayırlar ki, bu layihə gələcəklərinə açılan böyük bir qapıdır”. 

Sevinc müəllim hesab edir ki, layihənin əsas üstünlüyü ödənişsiz və keyfiyyətli təhsil mühiti yaratmasıdır: “Valideynlər təşəbbüsü böyük razılıqla qarşılayırlar. Çünki ailələrin övladlarını hazırlıq kurslarına göndərməsi xeyli vəsait tələb edir. Bu layihə həm ailələr üçün dəstəkdir, həm də şagirdlərin inkişafını təmin edir. Hər ay keçirilən sınaq imtahanları uşaqların bilik səviyyəsini dəqiq müəyyənləşdirməyə imkan yaradır”.
“Tam orta məktəb” – müasir təhsil modeli
Sevinc Baxşəliyevanın fikrincə, “Tam orta məktəb” layihəsi təkcə imtahana hazırlıq sistemi deyil, müasir təlim yanaşmasının tətbiq olunduğu innovativ modeldir: “Şagirdlər gün ərzində vaxtlarına qənaət edir, yalnız gələcəkdə lazım olacaq fənlərə fokuslanırlar. Layihə çərçivəsində təşkil edilən gəzintilər, tədbirlər və müsabiqələr onların dünyagörüşünü genişləndirir, motivasiyasını artırır. Bu modelin nəticələrini yaxın zamanda daha aydın görəcəyik”.


Gəncədə layihənin uğurlu tətbiqi


Layihənin uğurla həyata keçirildiyi məktəblərdən biri də Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbdir. Burada ümumilikdə 158 nəfər şagird layihə üzrə tədrisə cəlb olunub. Onlardan:
•    I qrup (texniki təmayül üzrə) – 50 nəfər,
•    II qrup (riyaziyyat-iqtisadiyyat təmayülü üzrə) – 33 nəfər,
•    III qrup (humanitar fənlər üzrə) – 61 nəfər,
•    IV qrup (təbiət fənləri üzrə) – 15 nəfərdir.

Bu məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Zərifə Xasayeva layihəni belə dəyərləndirir: “Layihənin məqsədi təkcə bilik vermək deyil, həm də şagirdlərimizə məktəbi sevdirməkdir. Burada onlar peşəkar müəllimlərdən elmin sirlərini öyrənməklə yanaşı, psixoloji seminarlarda və bilik yarışlarında iştirak edirlər. Bu cür tədbirlər onların sosial bacarıqlarını inkişaf etdirir”.

Zərifə müəllim qeyd edir ki, DİM proqramına əsaslanan intensiv tədris şagirdlərə həm vaxtlarına qənaət etməyə, həm də balanslı həyat tərzi qurmağa imkan yaradır: “Məktəbdən sonrakı vaxtlarını səmərəli keçirirlər. İdmanla, sağlam qidalanma ilə maraqlanırlar, hər ay sınaq imtahanlarında iştirak edirlər. Bu, onların arasında sağlam rəqabət mühiti formalaşdırır. Layihə tamamilə ödənişsiz olduğuna görə valideynlər də çox razıdırlar”.

Biologiya müəlliminin baxışı: nəticəyönümlü təhsil

Layihənin digər iştirakçısı Gəncə şəhər 27 nömrəli məktəb-liseyin biologiya müəllimi Ülviyə Məhərrəmovadır. O, həm də Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbdə layihə çərçivəsində dərs deyir. 28 illik pedaqoji təcrübəsi olan müəllim bildirir ki, layihənin məqsədi şagirdləri heç bir əlavə hazırlığa ehtiyac duymadan ali məktəblərə qəbul olmağa hazırlamaqdır: “Layihədə keyfiyyətli təhsil, fərdi yanaşma və nəticəyönümlülük əsas prinsiplərdir. Burada şagirdlər təkcə imtahanlara deyil, həm də gələcəyin əmək bazarına hazırlanırlar. Fənlər üzrə məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirən biliklər aşılanır”.

Ülviyə müəllimin sözlərinə görə, intensivləşdirilmiş tədris planı sayəsində iki il ərzində fənlər üzrə bütöv proqram tədris olunur. Digər məktəblərdə dərs saatı az olduğu halda, burada, məsələn, fizika fənninə həftəlik 8 saat ayrılır: “Şagirdlər pulsuz dərslik və psixoloji xidmətlə təmin olunur. Hər ay buraxılış və blok fənləri üzrə sınaqlar keçirilir. Valideynlərin heç bir xərci yoxdur, hər şey dövlət tərəfindən qarşılanır. Əhvali-ruhiyyə yüksəkdir, davamiyyət demək olar ki, tamdır”.
Layihə çərçivəsində şagirdlər üçün gəzintilər, yarışlar, intellektual viktorinalar təşkil olunur, məktəbdə istirahət guşələri və şahmat otaqları fəaliyyət göstərir.
Şagird baxışı: “Burada hər şey bizim üçün yüksək səviyyədədir”.


Layihədə iştirak edən şagirdlər də bu təşəbbüsü yüksək dəyərləndirirlər. Onlardan biri, Gəncə şəhər 22 nömrəli məktəbin 10-cu sinif şagirdi Zəhra Orucova fikirlərini belə bölüşür: “9-cu sinfi qırmızı attestatla bitirmişəm. Əvvəl layihəyə bir qədər tərəddüdlə yanaşırdım, amma indi çox məmnunam. Siniflərdə şagird sayı azdır, müəllimlər hər birimizlə fərdi şəkildə işləyirlər. Dərslər yüksək səviyyədə keçir, mövzunu başa düşənədək müəllimlər səbir və diqqətlə izah edirlər”.
“Ödənişsiz dərslər ailə büdcəmizə dəstək olur. Səhər 08:30-dan 13:30-a qədər dərsdə oluruq, günün qalan hissəsində həm dincəlməyə, həm də ev tapşırıqlarına vaxt qalır. Yaxınlarda məktəbdə intellektual yarışma təşkil olundu və komandamız ikinci yeri tutdu. Burada təhsil almaq bizim üçün böyük fürsətdir”,- deyə o əlavə edir. 

Digər bir şagird, Goranboy rayonu Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbin 10 “C3” sinif şagirdi Aysu Abdullayeva isə layihə barədə belə danışır:

“Layihə mənə əlavə dərs materialları və mövzu izahları təqdim edir, çətin mövzuları daha yaxşı başa düşməyimə kömək edir və imtahan strategiyalarını öyrədir. Ödənişsiz dərslər mənim ailə büdcəmə yük yaratmır, əlavə biliklər qazanıram və müəllimlərdən fərdi dəstək alma imkanım olur. Mən orada dərslikləri oxuyuram, tapşırıqları yerinə yetirirəm, qrup işləri və sual-cavab sessiyalarında iştirak edirəm. Şərait konsentrasiya üçün əlverişlidir. Bəli, dərslər və əlavə məşğələlər layihə çərçivəsində təşkil olunduğu üçün əlavə kurslara getməyə ehtiyac qalmır və ev tapşırıqlarımı daha səmərəli yerinə yetirirəm”.