"Ən böyük mükafatımız şagirdlərimizin şəxsiyyət kimi yetişməsidir" - Qardaş müəllimlər
Müəllim peşəsi yalnız dərs demək deyil. Bu peşə həm də gələcəyin sağlam, bilikli, məsuliyyətli və vətənpərvər nəslini yetişdirmək missiyasıdır. Bu missiyanı ürəklə daşıyan müəllimlər isə təkcə sinif otağında deyil, cəmiyyət həyatında da örnəyə çevrilirlər. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən iki qardaş - Murad və Kənan Məmmədovlar da məhz belə müəllimlərdəndir. Onların hər ikisinin bu il ilk dəfə keçirilən fiziki tərbiyə fənni üzrə sertifikasiya imtahanında yaşadıqları bölgələr üzrə lider olması təsadüf deyil. Bu uğurun arxasında illərlə davam edən zəhmət, elmə maraq, peşəyə sevgi və idmana bağlılıq dayanır.
Qardaşlardan biri - Kənan Məmmədovun uğurları yalnız təhsil sahəsi ilə məhdudlaşmır. O, eyni zamanda sərbəst güləş üzrə Azərbaycan çempionu və Avropa çempionatının iştirakçısı Nərgiz Cəfərzadənin məşqçi-müəllimidir. Yetirməsinin ölkə çempionu olması və beynəlxalq arenada Azərbaycanı təmsil etməsi onun məşqçi kimi də peşəkarlığını təsdiqləyən mühüm göstəricilərdəndir.
“Yaxşı idmançı olmaq vacibdir, yaxşı insan olmaq isə daha önəmlidir
Kənan Məmmədov hesab edir ki, fiziki tərbiyə fənninin əsas missiyası yalnız şagirdlərin fiziki hazırlığını artırmaqdan ibarət deyil:"Fiziki tərbiyə şagirdlərin mənəvi inkişafına da mühüm töhfə verir. Komanda oyunları və idman fəaliyyətləri vasitəsilə əməkdaşlıq, qarşılıqlı hörmət, məsuliyyət, intizam, ədalətlilik, liderlik, özünənəzarət kimi keyfiyyətlər formalaşır. Hesab edirəm ki, fiziki tərbiyə fənni həm fiziki sağlamlığın, həm də mənəvi dəyərlərin formalaşmasında əvəzsiz rol oynayır".
Kənan Məmmədov eyni zamanda məşqçi kimi də fəaliyyət göstərir. Onun sözlərinə görə, ümumi təhsil məktəbində müəllimliklə peşəkar idman hazırlığını bir arada etmək həm uşaqların potensialını daha tez üzə çıxarmağa, həm də onların düzgün istiqamətləndirilməsinə imkan yaradır: "İki fərqli təhsil müəssisəsində fəaliyyət göstərmək mənə uşaqların inkişafına iki fərqli prizmadan baxmaq imkanı qazandırıb. Məktəbdə fiziki tərbiyə müəllimi kimi bütün şagirdlərdə sağlam həyat tərzi, fiziki fəallıq və idmana maraq formalaşdırmağa çalışıram. İdman məktəbində isə istedadlı idmançıların peşəkar inkişafı, yüksək nəticələr əldə etməsi üçün məqsədyönlü məşq prosesi aparıram. Bu iki sahədə qazandığım təcrübə bir-birini tamamlayır. Məktəbdə aşkar etdiyim potensiallı uşaqları idmana yönləndirir, idman məktəbində əldə etdiyim peşəkar məşqçilik təcrübəsini isə dərslərimdə tətbiq edirəm. Bunun nəticəsində həm sağlam, həm də uğurlu gənclərin yetişməsinə töhfə vermək mənim üçün ən böyük peşəkar qazancdır".
“Yaxşı idmançı olmaq vacibdir, yaxşı insan olmaq isə daha önəmlidir”
Müəllim hesab edir ki, idmanda qələbə qazanmaq vacib olsa da, şagirdlərə insanlıq dəyərlərinin aşılanması daha önəmlidir. Bu məqsədlə dərslərində komanda ruhuna, qarşılıqlı hörmətə və ədalətli rəqabətə xüsusi yer ayırır:
"Dərslərimdə uşaqlara komanda ruhu, qarşılıqlı hörmət, məsuliyyət, nizam-intizam, ədalətli rəqabət və qalib gəlməklə yanaşı, məğlubiyyəti də ləyaqətlə qəbul etməyi aşılayıram. Çalışıram ki, hər bir şagird özünə inansın, sağlam həyat tərzini həyatının ayrılmaz hissəsinə çevirsin və qazandığı bu keyfiyyətləri gündəlik həyatında da tətbiq etsin. Çünki yaxşı idmançı olmaq vacibdir, yaxşı insan olmaq isə daha önəmlidir”.
Kənan Məmmədovun fikrincə, bu gün fiziki tərbiyə müəlliminin üzərinə düşən vəzifələr əvvəlki dövrlərlə müqayisədə daha çoxdur:
"Məncə, müasir dövrdə fiziki tərbiyə müəlliminin əsas missiyası şagirdlərdə fiziki cəhətdən sağlam, ictimai-siyasi cəhətdən yetkin, ölkənin ərazi bütövlüyünü və toxunulmazlığını qorumağa qadir olan şagirdlər yetişdirmək və sağlam həyat tərzinə davamlı maraq formalaşdırmaqdır".
Təcrübəli müəllim bildirir ki, bütün uşaqların fiziki imkanları və maraqları eyni deyil. Buna görə də hər bir şagirdə fərdi yanaşmaq, onu motivasiya etmək müəllimin əsas vəzifələrindəndir:
"İlk növbədə onların maraq dairəsini və fiziki imkanlarını nəzərə almağa çalışıram. Dərslərimi müxtəlif oyunlar, komanda fəaliyyətləri və motivasiyaedici tapşırıqlarla daha maraqlı təşkil edirəm ki, hər bir şagird özünü uğurlu hiss edə bilsin. Məncə, şagirdi məcbur etməklə deyil, onu həvəsləndirməklə idmana cəlb etmək mümkündür. Kiçik uğurları belə qiymətləndirmək, onları ruhlandırmaq və özünəinam yaratmaq bu prosesdə çox mühüm rol oynayır".
“Medal və diplomdan daha önəmlisi şagirdlərin cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişməsidir”
Qardaşlardan digəri - Murad Məmmədovun fəaliyyəti isə yalnız məktəbdə müəllimliklə məhdudlaşmır. O, ali təhsilin bakalavr pilləsini “Bədən tərbiyəsi və idman”, magistratura pilləsini isə “Fiziki tərbiyə nəzəriyyəsi və metodikası” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub. Hazırda Azərbaycan Texnologiya Universitetində “Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə yenidən ali təhsil alır və IV kurs tələbəsidir.
Bundan başqa, Murad Məmmədov Gəncə Dövlət Universitetində tədris vəsaiti kimi istifadə olunan "Kurikulum siyasəti. Pedaqoji kadr hazırlığının ilkin mərhələsi. Məlumat kitabçası" adlı vəsaitin müəllifidir.
Murad Məmmədov hesab edir ki, müasir müəllim yalnız fənn bilikləri ilə kifayətlənməməlidir.
Onun fikrincə, idarəçilik bacarıqları da müəllim peşəsinin ayrılmaz hissəsinə çevrilir:
"Hesab edirəm ki, müasir müəllim yalnız öz fənnini tədris edən şəxs deyil, eyni zamanda idarəetmə bacarığına malik, təşəbbüskar və lider olmalıdır. Bu baxımdan əldə etdiyim yeni biliklər məktəbdaxili layihələrin təşkili, təhsil prosesinin səmərəli idarə olunması üçün daha peşəkar fəaliyyət göstərməyimə mühüm töhfə verir".
Murad Məmmədov fiziki tərbiyə dərslərinin əsas məqsədini belə izah edir:
"Fiziki tərbiyə dərslərində əsas məqsədim təkcə şagirdlərin fiziki hazırlığını artırmaq deyil, həm də onlarda sağlam həyat tərzi vərdişləri, komanda ruhu və liderlik keyfiyyətlərini formalaşdırmaqdır. Bu məqsədlə komanda oyunları, estafet yarışları, idman layihələri və müxtəlif qrup fəaliyyətləri təşkil edirəm. Dərslər zamanı şagirdlərə liderlik məsuliyyəti verir, onları bir-birini dəstəkləməyə, əməkdaşlıq etməyə və düzgün qərarlar qəbul etməyə təşviq edirəm. Eyni zamanda sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq və sağlam həyat tərzinin əhəmiyyəti ilə bağlı maarifləndirici söhbətlər aparıram. İnanıram ki, fiziki tərbiyə dərsi sağlam, məsuliyyətli və sosial bacarıqları inkişaf etmiş şəxsiyyətin formalaşmasında mühüm rol oynayır".
Onun sözlərinə görə, müəllim üçün ən böyük mükafat şagirdlərinin qazandığı medallar deyil, onların şəxsiyyət kimi yetişməsidir:"Şagirdlərimin müxtəlif idman yarışlarında əldə etdikləri uğurlar mənim üçün ən böyük qürur mənbəyidir. Bu nailiyyətlər onların zəhmətinin, nizam-intizamının və məqsədyönlü hazırlığının nəticəsidir. Mən də müəllim olaraq onların potensialını üzə çıxarmağa, özünəinamını artırmağa və idmana sevgisini formalaşdırmağa çalışıram. Hesab edirəm ki, hər bir medal və diplomdan daha önəmlisi şagirdlərin sağlam həyat tərzinə yiyələnərək cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişməsidir. Bu baxımdan, şagirdlərimin uğurlarını həm onların, həm də məktəbimizin uğuru hesab edirəm".
Murad Məmmədov bildirir ki, fiziki tərbiyə dərslərində müxtəlif hazırlıq səviyyəsinə malik şagirdlərlə işləmək müəllimdən xüsusi yanaşma tələb edir:
"Tədris prosesində ən çox qarşılaşdığım çətinliklərdən biri şagirdlərin fiziki hazırlıq səviyyələrinin və idmana maraqlarının fərqli olmasıdır. Dərsləri daha maraqlı və motivasiyaedici etmək üçün müxtəlif oyunlardan, komanda yarışlarından və interaktiv fəaliyyətlərdən istifadə edirəm. İnanıram ki, səmimi ünsiyyət, düzgün motivasiya və müasir tədris metodlarının tətbiqi bu çətinliklərin aradan qaldırılmasında ən effektiv vasitələrdir".
Onun fikrincə, müəllim üçün ən böyük uğur şagirdlərinin insan kimi formalaşmasıdır: "Məni ən çox qürurlandıran nəticə yalnız şagirdlərimin qazandığı medal və kuboklar deyil, onların şəxsi inkişafıdır. Əlbəttə ki, müxtəlif idman yarışlarında əldə etdikləri uğurlar sevindiricidir. Ancaq daha böyük qürur hissi onların özünəinamlı, məsuliyyətli, sağlam həyat tərzinə bağlı və komanda ruhunu mənimsəmiş gənclər kimi formalaşdığını görməkdir. Mənim üçün əsl uğur şagirdlərimin qazandıqları dəyərləri gələcək həyatlarında da tətbiq etmələri və cəmiyyətə faydalı vətəndaş kimi yetişmələridir".
Valideynlərlə əməkdaşlığın əhəmiyyətindən danışan müəllim deyir:
"Son illərdə valideynlərin fiziki tərbiyə fənninə münasibətində müsbət dəyişikliklər müşahidə olunur. Onlar artıq anlayırlar ki, fiziki tərbiyə yalnız idman dərsi deyil, uşaqların sağlamlığına, intizamına, sosial bacarıqlarına və psixoloji inkişafına mühüm töhfə verən bir fəndir. Mən də valideynlərlə daim açıq ünsiyyət saxlamağa çalışıram, şagirdlərin inkişafı, fiziki hazırlığı və sağlam həyat tərzi ilə bağlı mütəmadi fikir mübadiləsi aparıram. İnanıram ki, məktəb, müəllim və valideyn əməkdaşlığı güclü olduqda şagirdlərin həm təlim, həm də tərbiyə sahəsində uğurları daha davamlı və səmərəli olur".




