“Olimpiada sualları daha çox məntiq və analiz tələb edir” – RFO qalibləri 

8 May, 2026 - 10:59
“Olimpiada sualları daha çox məntiq və analiz tələb edir” – RFO qalibləri 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri Respublika fənn olimpiadalarında uğur qazanaraq qızıl və gümüş medallara layiq görülüblər.
 
““Qızıl medal alacağam” deyə qarşıma məqsəd qoydum” 

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Kərimbala Əkbərov Respublika Fənn olimpiadalarında qazandığı uğurlarla diqqət çəkir. O, 2024/2025-ci tədris ilində gümüş, 2025/2026-cı tədris ilində isə tarix fənnindən qızıl medal qazanaraq öz məqsədinə çatıb.

Kərimbala yalnız olimpiada uğurları ilə deyil, intellektual yarışlardakı nəticələri ilə də seçilir. O, iki dəfə “Əlaçı” intellektual oyununun qalibi olub. Gənc qazandığı nailiyyətlərin arxasında böyük zəhmət və məqsədyönlü hazırlığın dayandığını deyir: “Ötən il aşağı yaş qrupu üzrə gümüş medal alanda qarşıma məqsəd qoydum ki, qızıl medal alacağam. Yuxarı yaş qrupu aşağı yaş qrupundan qat-qat çətin olsa da, bunu bacararaq məqsədimə nail oldum”. 

Onun sözlərinə görə, olimpiadaya hazırlıq prosesi kifayət qədər çətin və məsuliyyətli olub. Məktəb proqramı ilə yanaşı, əlavə mənbələr üzərində də davamlı çalışıb: “6-11-ci sinif  dərsliklərini əzbərləyib test banklarından işləyirdim. Həmçinin imtahan fənlərinə hazırlaşdığım üçün vaxt problemi yaranırdı. Olimpiada sualları adi suallardan qat-qat fərqlənir. Çünki bu suallar daha dərin məqamlara əsaslanır”.  Kərimbala qeyd edir ki, hazırlıq zamanı özünəməxsus üsullardan istifadə edib: “Özümə hər turdan qabaq təxmini suallar çıxarırdım və onları tam əzbərləyirdim”.  Gənc tarix həvəskarı yalnız məktəb dərslikləri ilə kifayətlənməyib. O, Azərbaycan və dünya tarixçilərinin əsərlərini də mütaliə edib: “Əlavə olaraq məktəb dərsliklərindən başqa Ziya Bünyadovun, Yaqub Mahmudovun, həmçinin digər ölkələrdən olan tarixçilərin əsərlərini oxuyurdum”.

Gələcək planlarından danışan Kərimbala hüquq sahəsinə maraq göstərdiyini vurğulayır: “Gələcəkdə hüquqşünas olmaq istəyirəm. Olimpiadaya hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasını da oxumuşam. Bu biliklərin ali təhsilimdə mənə çox kömək olacağını düşünürəm”.

“Əvvəlki illərin olimpiada suallarını analiz edirdim” 

Gəncə şəhər 24 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nuray Əşrəfi bu il Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika fənn olimpiadasında qızıl medal qazanıb. Nuray bildirir ki, olimpiadada qızıl medal qazanmaq onun üçün xüsusi məna daşıyır: “Bu uğur təkcə mənim deyil, mənə dəstək olan müəllimlərimin, ailəmin və mənə inanan hər kəsin uğurudur”.

Gənc olimpiyaçı hazırlıq prosesində müəllimlərinin rolunu xüsusi vurğulayır. O, müəllimi Təhminə Kərimovaya minnətdarlığını ifadə edir.  Nurayın sözlərinə görə, olimpiadaya hazırlıq ona yalnız yeni biliklər qazandırmayıb, eyni zamanda xarakterini formalaşdırıb: “Olimpiadaya hazırlaşmaq mənə yalnız bilik deyil, eyni zamanda səbrli olmağı, məqsədə doğru addım-addım irəliləməyi öyrətdi”. Hazırlıq prosesi haqqında danışan məktəbli əsas diqqəti analiz və səhvlər üzərində işləməyə yönəltdiyini bildirir: “Hazırlıq zamanı əsasən testlər işləyirdim, əvvəlki illərin olimpiada suallarını analiz edirdim və səhvlərim üzərində xüsusi dayanırdım. Mövzuları sadəcə əzbərləmək yox, anlamağa çalışırdım”.

Nuray etiraf edir ki, bu yolda çətin anlar da olub: “Ən çətin məqam bəzən motivasiyanı qorumaq idi. Çətin suallarla qarşılaşanda ruhdan düşmək olurdu, amma davamlı çalışmaq bu çətinliyi aşmağa kömək etdi”.

O  olimpiada ilə məktəb dərsləri arasında ciddi fərqlər olduğunu deyir: “Olimpiada sualları daha çox məntiq və analiz tələb edir. Məktəb dərslərində əsas baza verilir, amma olimpiadada həmin bilikləri daha fərqli və yaradıcı şəkildə tətbiq etmək lazımdır”. Nuray hazırlıq zamanı istifadə etdiyi mənbələrdən də danışıb: “Əsasən əvvəlki illərin suallarından, əlavə test toplularından və müəllimimin verdiyi tapşırıqlardan istifadə edirdim. Həmçinin çətin suallar üzərində daha çox işləyirdim ki, zəif tərəflərimi gücləndirim”. 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri də Respublika fənn olimpiadalarında yüksək nəticələri ilə fərqləniblər. 

“Ən çətin məqam yorulmadan davam etmək idi” 

Tovuz rayonu A.S.Puşkin adına tam orta məktəbin 10 “D” sinif şagirdi Akif Həşimov Respublika fənn olimpiadasında qazandığı qızıl medalla uğur əldə edən məktəblilər sırasındadır. Coğrafiya fənninə xüsusi maraq göstərən Akif uzunmüddətli hazırlıq və əzmkarlıq nəticəsində məqsədinə çatdığını deyir.

Akif daha əvvəl beynəlxalq səviyyəli bilik yarışlarında da özünü sınayıb. O, “Braincias” beynəlxalq coğrafiya olimpiadasının seçim turunda iştirak edərək beynəlxalq mərhələyə vəsiqə qazanıb. Lakin final mərhələsində iştirak edə bilməyib.Buna baxmayaraq, o, uğursuzluqlardan ruhdan düşmədiyini bildirir: “3 il iştirak etdim, yalnız bu il finala çıxdım. Yəni 2 il kəsildim”. Gənc olimpiyadaçı qazandığı qızıl medalın onun üçün böyük əhəmiyyət daşıdığını vurğulayır: “Əvvəlki illərlə müqayisədə bu il daha yaxşı hazırlaşmışdım və özümə daha çox güvənirdim”. 

Hazırlıq prosesində əsas diqqətini test tapşırıqlarına və əvvəlki illərin suallarına yönəltdiyini deyən Akif keçmiş illərin suallarını həll etdiyini və  çoxlu testlər işlədiyini bildirir. Onun sözlərinə görə, hazırlıq zamanı ən böyük çətinlik motivasiyanı qorumaq olub: “Ən çətin məqam yorulmadan davam etmək idi. Bəzən motivasiyam düşürdü, amma yenə də davam edirdim”. 

Akif hesab edir ki, olimpiada tapşırıqları məktəb proqramından daha mürəkkəbdir və fərqli düşüncə tərzi tələb edir: “Olimpiada sualları daha çətin olur və analitik düşüncə tələb edir, məktəb dərsləri isə rahat olur”. O, hazırlıq zamanı müxtəlif mənbələrdən yararlandığını bildirən şagird əsasən test kitablarından, xəritə-sxemlərdən və internetdə olan məlumatlardan istifadə etdiyini bildirir. 

Gələcək planları ilə bağlı danışan Akif coğrafiya sahəsində ixtisas seçimlərinin məhdud olduğunu düşündüyünü qeyd edir: “Düşünürəm ki, coğrafiya üzrə imtahandan kənar kifayət qədər ixtisas yoxdur”.

“Qızıl medal almaq başqa hissdir” 

Qazax rayonu Aslanbəyli kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Cavidan Qaravəliyev Respublika fənn olimpiadasında qazandığı qızıl medalla uğur qazanan məktəblilərdən biridir. Mütaliəyə xüsusi maraq göstərən Cavidan həm bədii ədəbiyyatı, həm də tarixi romanları böyük həvəslə oxuduğunu deyir. 

Cavidanın olimpiada yolu ilk cəhddən uğurla nəticələnməyib. Ötən iştirakında bürünc medal qazansa da, bunun onun potensialını tam əks etdirmədiyini düşünərək daha yüksək nəticə üçün çalışıb: “Düzünü desəm, bürünc medal qazandığımda hiss etdim ki, bu, mənim həqiqi potensialımı əks etdirmir. Fikirləşirdim ki, bundan daha yüksək nəticələr əldə etmək gücündəyəm. Öz daxili potensialıma və biliyimə güvəndim. Hansı formatların çətin olduğunu bildim, zəif tərəflərimi öyrəndim və onların üzərində işlədim”. 

Hazırlıq prosesi zamanı müxtəlif mənbələr üzərində işləməyin ona böyük fayda verdiyini vurğulayan məktəbli yalnız dərsliklərlə kifayətlənmədiyini deyir: “Hazırlıq prosesində ən çox müxtəlif mənbələrlə işləməyə üstünlük verdim. alnız dərsliklərlə kifayətlənmədim, əlavə ədəbiyyat, sənədlər və müxtəlif sual formatları üzərində çalışdım”. 

Bu ilin onun üçün daha rahat keçdiyini bildirən Cavidan artıq özünəinam qazandığını qeyd edir: “Bu mənim iştirak etdiyim ikinci RFO idi. Artıq keçən ildən fərqli olaraq builki olimpiadada, demək olar ki, çətinlik çəkmədim. Çünki mən bütün maneələri aşa biləcəyimə əmin idim”. 

O, məktəb dərsləri ilə olimpiada hazırlığı arasında müəyyən fərqlərin olduğunu desə də, hər ikisinə eyni məsuliyyətlə yanaşdığını bildirir: “Əlbəttə, bunlar arasında bəzi fərqlər var. Lakin istər məktəb dərsləri, istərsə də olimpiada olsun, mən hər ikisinə məsuliyyətlə yanaşırdım. Təbii ki, olimpiada sualları bəzən dərslikdəki ən xırda detallardan belə düşə bilirdi. Bunun üçün mən dərslikləri başdan ayağa oxuyub öyrənmişdim”. 

Hazırlıq zamanı əsasən DİM materiallarından istifadə etdiyini söyləyən şagird bu resursların faydalı olduğunu vurğulayır: “Bu materiallar həm sual formatını anlamaq, həm də vaxt idarəetməsini öyrənmək baxımından əvəzsiz idi. DİM materiallarını tövsiyə edərəm, çünki həm real olimpiada standartlarına uyğundur, həm də öz səviyyəni obyektiv ölçməyə imkan verir. Eyni zamanda müxtəlif kursların da testlərindən istifadə etmək məqsədəuyğundur”. 

Sonda o, uğurunda müəlliminin böyük rol oynadığını xüsusi qeyd edir: “Sonda, mən bu uğurumun əldə olunmasında sinif rəhbərim Gülnaz Həsənovanın müstəsna əməyini qeyd etməyi özümə borc bilirəm. Onun mənə qarşı daimi tələbkarlığı, mənə olan inamı uğurumun əsas amillərindən oldu. Medal alma xəbərimi də mənə Gülnaz müəllim çatdırdı və mənim uğuruma demək olar ki, məndən daha çox sevinirdi”.