Gəncədə şagirdlər arasında baş verən hadisə araşdırılıb – AÇIQLAMA
Redaksiyamıza Gəncə şəhəri M.A. Abbaszadə adına 20 nömrəli tam orta ümumtəhsil məktəbində bir şagirdin digərinə xəsarət yetirməsi ilə bağlı məlumat daxil olub.
Bununla bağlı Gəncə-Daşkəsən Regional Təhsil idarəsindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar məktəbdə müvafiq araşdırma aparılıb: “Araşdırma nəticəsində müəyyən edilib ki, hadisə aprelin 27-də tənəffüs zamanı məktəbin həyətində şagirdlərin bir-birini ehtiyatsızlıqdan itələməsi nəticəsində baş verib.
Bununla yanaşı qeyd edirik ki, şagirdlərlə məktəbin psixoloqunun iştirakı ilə fərdi söhbətlər aparılıb, eləcə də məktəblilərin valideynlərinə mövcud vəziyyət ətraflı izah edilib”.
İdarədən həmçinin bildirilib ki, şagirdlərin sağlamlığı və təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.



