“Oxuma tərzimi yox, özümə inamımı inkişaf etdirdim” - Maksimum bal toplayan abituriyentin etirafı
Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin məzunu Əsmər Rəsulova DİM-in keçirdiyi ali təhsil müəssisələrinə qəbul imtahanının II cəhdində IV ixtisas qrupu üzrə mümkün olan ən yüksək nəticəni toplayıb.
“Mobil telefondan yalnız dərs üçün istifadə etmişəm”
"Azərbaycan müəllimi"nin həmsöhbəti olan Əsmər deyir ki, bu nəticə onun üçün sadəcə yüksək bal deyil.Uğurunun arxasında məktəb illərindən başlayan hazırlıq, uzunmüddətli zəhmət, saysız-hesabsız testlər, buraxılan səhvlərin təhlili və ən əsası, məqsəddən yayınmamaq dayanır. Üstəlik, bu nəticə onun üçün ikinci cəhdin uğurudur.
Əsmər Rəsulova həm IX sinifdə 300 bal, həm də XI sinifdə maksimum nəticə əldə etməklə ardıcıl şəkildə yüksək akademik hazırlıq nümayiş etdirib: “IX sinifdə topladığım 300 və XI sinifdə topladığım 400 balım (maksimal nəticələrim) illər boyu çəkdiyim əziyyətin nəticəsidir. Hər bir fənni məktəbdə “əla” qiymətlərlə oxumuşam. Gün ərzində ən az 15 saat dərslə məşğul olmuşam”.
Əsmərin hazırlıq prosesində özünənəzarət və vaxt bölgüsü xüsusi yer tutub. O, qarşısına çıxan boşluqları vaxtında müəyyənləşdirərək onların üzərində işləyib: “Mobil telefondan yalnız dərs üçün istifadə etmişəm. Təbii ki, hər kəs kimi mənim də səhvlərim və bilmədiklərim olurdu. Və mən səhvlərim üzərində işləyərək bilmədiklərimi müəllimlərimdən soruşurdum”.
Buraxılış imtahanında gözlədiyi nəticəni əldə edə bilməməsi və qəbul imtahanının I cəhdində məqsədinə çata bilməməsi Əsmər üçün psixoloji baxımdan çətin mərhələ olub: “Buraxılış imtahanında 300 balı yığa bilməməyim məni həvəsdən saldı, buna görə 1-ci cəhddə məqsədimə çatmadım, sonra son şans imtahanı üçün gücümü topladım, oxuma tərzimi yox, özümə inamımı inkişaf etdirdim. Bu zaman mənə dəstək olanların psixoloji olaraq çox köməyi oldu”.
II cəhddə hazırlıq zamanı Əsmər özünü yalnız mövcud biliklərlə məhdudlaşdırmayıb:
“İmtahan tipli və hətta daha çətin testləri işləyirdim. Xüsusən də imtahana 40-50 gün qalanda qarşıma məqsəd qoydum ki, hər fəndən 3 kitab bitirəcəyəm və yuxuya sərf etdiyim vaxtı bir az da azaldıb o kitabları bitirdim”.
“İlk 15 dəqiqədən sonra həyəcanım itdi”
Abituriyent üçün yüksək nəticə gözləntisi bəzən əlavə psixoloji yük yarada bilir. Əsmər də imtahan prosesində bu hissi yaşayıb. Sınaq imtahanlarının isə onun üçün fərqli bir üstünlüyü olub: “Sınaqlarda iştirak edəndə imtahan stresi azalır, amma təbii ki, bunu sıfıra endirmək olmur, xüsusən də hamının məndən 700 bal gözləməsi məsuliyyətimi və həyəcanımı artırırdı. İmtahanın ilk 15 dəqiqəsindən sonra isə testlərə fokuslandım və həyəcanım itdi”.
Əsmərin sözlərinə görə, xüsusilə yuxarı siniflərdə tədris olunan mürəkkəb mövzuları vaxtında öyrənmək sonrakı hazırlığı xeyli asanlaşdırır:
“Çətinliklərin öhdəsindən gəlmək üçün ideal vaxt 10-cu sinifdir. Biologiyadan əzbər tələb edən hissələri – bitki adlarını, fizikadan çətinlik çəkdiyim maqnit sahəsi və müəyyən test tiplərini 10-cu sinifdə öyrəndim. İlk dəfə tədris olunan triqonometriya və üstlü funksiyaları da 10-cu sinifdə öyrənməsəydim bu nəticəni əldə etmək daha çətin olardı. Azərbaycan və ingilis dillərini isə qayda əzbərləyərək öyrənmədiyimdən 10-cu sinifdə fasilə verdim, çünki 11-ci sinifdə mənə çətinlik yaratmayacağını bilirdim. Kimya isə mənə çətin gəlməyib, çünki 7-ci sinifdə Respublika fənn müsabiqələrində gümüş medal qazanmışam. Ümumiyyətlə, hər bir fənn üzrə məktəb dərsliklərini dərindən oxumuşam, şəkillərdə və tapşırıqlarda gizlənən məlumatları da öyrənmişəm”.
Əsmərin gələcək peşə seçiminin əsasında isə uşaqlıqdan formalaşan maraq dayanır:
“Erkən yaşlarda biologiyaya, xüsusən də insan anatomiyasına və fiziologiyasına yaranan marağım sonradan həkim olma arzuma çevrildi. Mən vətənimə və millətimə faydalı bir həkim olmaq istəyirəm”.
400 balı maksimum nəticə hesab etsə də, Əsmərin özünə qoyduğu hədəflər bununla bitmir: “Universitetdə də təhsilimlə fərqlənmək, ölkəmə layiqli həkim olmaq istəyirəm".
O, öz təcrübəsindən çıxış edərək digər abituriyentlərə də ruhdan düşməməyi tövsiyə edir: “Məncə əsas həvəsdən düşməmək və daim çalışmaqdır. Hər kəsin enişli-yoxuşlu yolları olur, məndə də bu dəfələrlə təkrarlanıb. Önəmli olan inanmaqdır. İnanmaq qazanmağın yarısıdır”.




