"Gündə 10 saata qədər hazırlaşırdıq" – Beynəlxalq Kimya Olimpiadasının medalçıları  

27 İyul, 2026 - 11:56
"Gündə 10 saata qədər hazırlaşırdıq"

Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Yaqub Baratlı və Qurban Piriyev Azərbaycanın beynəlxalq elm olimpiadalarındakı uğurlarına daha bir nailiyyət əlavə ediblər. Belə ki, onlar 10-19 iyul tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq Kimya Olimpiadasında (IChO) gümüş və bürünc medallar qazanaraq ölkəmizi uğurla təmsil ediblər.

Dünyanın 90-dan çox ölkəsindən 350-dən artıq məktəblinin iştirak etdiyi nüfuzlu olimpiadada medal əldə edən şagirdlərimiz “Azərbaycan müəllimi”nə müsahibələrində bu uğurun uzunmüddətli və məqsədyönlü hazırlığın nəticəsi olduğunu bildiriblər.

“Olimpiadada medal qazanacağımı təxmin edirdim”

Olimpiadada gümüş medala layiq görülən Yaqub Baratlı Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdidir. Sualları cavablandırdıqdan sonra yüksək yer tutacağına inandığını söyləyən Yaqub mükafatlandırma mərasimində yaşadığı hissləri belə ifadə edir:

"Olimpiadada medal qazanacağımı təxmin edirdim. Bu səbəbdən səhnədə adım çəkiləndə elə də çox təəccüblənmədim".

Yaqubun sözlərinə görə, hazırlıq prosesi fevral ayından başlayıb. Həmin vaxt Beynəlxalq Kimya Olimpiadasında istifadə oluna biləcək mövzular üzrə suallar toplusu üzərində sistemli şəkildə işləyib:

"Fevral ayından etibarən həmin suallar üzrə hazırlaşmağa başladım. İnternetdə apardığım axtarışlar nəticəsində müxtəlif xarici mənbələrdən əldə etdiyim materiallar mövzuları daha dərindən dərk etməyimdə böyük rol oynadı".

Yaqub deyir ki, hazırlığın mühüm hissəsini isə Türkiyədə keçirilən beynəlxalq təlim düşərgəsi təşkil edib:

"Türkiyənin Ərzurum şəhərində Türkiyə milli kimya komandası ilə birlikdə 12 günlük həm nəzəri, həm də laboratoriya hazırlıqlarına cəlb olunduq. Orada qazandığım bacarıqların olimpiadada böyük rolu oldu".

Yeniyetməmiz bildirir ki, hazırlıq düşərgəsində iş qrafiki olduqca intensiv olub:

"Kampda olduğumuz müddətdə gündəlik 8-9 saat laboratoriya tapşırıqları ilə məşğul olurduq. Bundan əlavə, 2-3 saat nəzəri hazırlığa da vaxt ayırırdıq. Bununla kifayətlənməyərək komanda şəklində əlavə suallar həll edir, müzakirələr apararaq yeni biliklər əldə etməyə çalışırdıq".

Onun fikrincə, builki olimpiadanın nəzəri mərhələsi əvvəlki illərlə müqayisədə daha çətin hazırlanmışdı:

"Suallar ənənəvi olimpiada tapşırıqlarından müəyyən qədər fərqlənirdi. Buna baxmayaraq, imtahan boyunca əlimdən gələnin ən yaxşısını etdiyimi düşünürəm".

Beynəlxalq olimpiada Yaquba yalnız elmi bilik deyil, həm də müxtəlif ölkələrdən yeni dostlar qazandırıb:

"Yarış zamanı müxtəlif ölkələrdən olan məktəblilərlə dostluqlar qurdum. Birlikdə oynadığımız oyunlar, keçirdiyimiz əyləncəli anlar hər zaman xatirəmdə qalacaq. İnanıram ki, bu dostluqlar gələcək həyatımda da mühüm rol oynayacaq".

Yaqubun kimyaya marağı məktəb illərinin ilk dövrlərindən formalaşıb:

"Uşaq yaşlarımdan təbiət fənlərinə qarşı dərin marağım var idi. Təbiətdə və insan orqanizmində baş verən prosesləri öyrənmək istəyim məni kimya elminə yönəltdi".

İlk uğurunu 7-ci sinifdə qazanan Yaqub həmin vaxt Respublika fənn müsabiqələrində gümüş medala layiq görülüb. Sonrakı illərdə isə Respublika fənn olimpiadalarında ardıcıl olaraq dörd il qaliblər sırasında yer alıb və 1 bürünc, 3 qızıl medal əldə edib.

Gələcəyini kimya sahəsində görən Yaqub sənaye proseslərinə marağının onu mühəndislik istiqamətinə yönəltdiyini deyir: "Kimyanı dərindən öyrəndikcə sənayedə baş verən proseslərə marağım daha da artdı. Buna görə gələcəkdə kimya mühəndisliyi və ya bu sahəyə yaxın ixtisas üzrə təhsil almağı düşünürəm".

"Bu yarış mənə vaxtı düzgün bölməyi və imtahan anındakı stresi idarə etməyi öyrətdi"

Beynəlxalq olimpiadanın digər medalçısı Qurban Piriyev də Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdidir. X sinif şagirdi olan Qurban Beynəlxalq Kimya Olimpiadasında (IChO) bürünc medal qazanıb. 

Qurban Piriyev qazandığı uğurun uzun illər çəkdiyi zəhmətinin nəticəsi olduğunu deyir. 

Yeniyetməmizin sözlərinə görə, bu uğura aparan yol illər əvvəl başlayıb. O, 8-ci sinifdən etibarən xarici mənbələrdən, beynəlxalq olimpiada materiallarından və müxtəlif resurslardan istifadə edərək sistemli  şəkildə hazırlaşıb:

"Kimya fənninə olan həvəsim 7-ci sinifdə Respublika Fənn müsabiqələrində qazandığım medaldan sonra başladı".

Qurban hazırlıq prosesinin kifayət qədər intensiv olduğunu da vurğulayır:

"Normal vaxtlarda gündəlik 3-6 saat arası çalışırdım. Amma imtahan öncəsi Türkiyədə keçdiyimiz hazırlıq düşərgəsində bu 10 saatdan da çox olurdu".

Həmsöhbətimiz olimpiadanın ən çətin hissəsinin nəzəri mərhələ olduğunu deyir:

"Bu imtahanda nəzəriyyə mərhələsi gözlədiyimizdən də çətin oldu. Ən çox gərginlik yaşadığım hissə də elə nəzəriyyə bölməsi idi. Çünki suallar həm yüksək bilik, həm də yüksək sürət tələb edirdi".


Beynəlxalq olimpiadanın yalnız yarış deyil, həm də yeni dostluqlar və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirən Qurban müxtəlif ölkələrdən olan iştirakçılarla ünsiyyət qurduğunu söyləyir:

"Müxtəlif ölkələrdən gələn bir çox şagirdlə ünsiyyətdə olmaq imkanım oldu. Xarici məktəblilərlə söhbət etmək mənə onların hazırlıq proseslərini öyrənməyə şərait yaratdı. Bu yarış mənə xüsusilə vaxtı düzgün bölməyi və imtahan anındakı stresi düzgün idarə etməyi öyrətdi".

Hədəflərindən danışan Qurban ali təhsilini xaricdə almaq istəyir. Beynəlxaq olimpiadalarda, müsabiqələrdə qazanacağı hər bir uğurun isə ona dünyanın top universitetlərinə müraciət etmək şansı yaradacağını  söyləyir.