Yüksək bal toplasalar da seçimləri region universitetləri olub
Ali məktəb seçimi abituriyentin həyatında ən mühüm qərarlardan biridir. Son illərdə ali məktəblərə yüksək balla qəbul olan gənclər arasında region universitetlərini seçənlərin də sayı diqqət çəkir. Onlar üçün universitet seçimi yalnız topladıqları balla deyil, yaşadıqları şəhər, ailəyə yaxınlıq, seçdikləri ixtisasa maraq və gələcək hədəflərlə bağlıdır.
2026- 2027-ci tədris ilində yüksək balla Azərbaycan Dövlət Aqrar Universitetinə və Gəncə Dövlət Universitetinə qəbul olan gənclər də seçimlərində bu region universitetlərinə üstünlük veriblər.
“Azərbaycan müəllimi” ilə təəssüratlarını bölüşən gənclərin fikrincə, yüksək balla universitetə qəbul olmaq uğurun son nöqtəsi deyil, yeni mərhələnin başlanğıcıdır.
“Sevdiyim ixtisasa qəbul olmuşam”
Gəncə şəhəri N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəbi bitirən Nurlan Məmmədov 573,8 balla Azərbaycan Dövlət Aqrar Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına qəbul olub.
O, seçimində əsas amilin ixtisasına olan marağı olduğunu deyir: “Sevdiyim ixtisasa qəbul olmuşam. Universitet həyatından əsas gözləntim ixtisasımı yaxşıca öyrənib ali təhsilimi bitirdikdən sonra peşəkar bir mütəxəssis olmaqdır”.
Nurlanın fikrincə, yüksək nəticə göstərmək qədər həmin nəticəni universitet həyatında davam etdirmək də vacibdir.
Yeni mühitə uyğunlaşmağın müəyyən vaxt tələb etdiyini deyən tələbə universitet illərində həm ixtisasını dərindən öyrənməyi, həm də gələcək karyerası üçün lazımi bacarıqları formalaşdırmağı qarşısına məqsəd qoyub: “Gələcəkdə özümü bir kompüter mütəxəssisi kimi görürəm və xəyallarımı gerçəkləşdirmək üçün onların arxasınca gedəcəyəm”.
“Şagirdlərin yaddaşında silinməz iz buraxan müəllim olmaq istəyirəm”
Gəncə Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına 619,6 balla qəbul olan Sevinc Qafarova isə seçimini belə izah edir: “Mənim GDU-nu seçməyimin bir çox səbəbləri var. Bunlardan biri yaşayış ünvanımın Gəncə şəhərində olmasıdır. Bundan əlavə, ailəmdən kənarda qalmamaq, doğma şəhərimdə ali təhsil almaq üçün məhz bu universiteti seçdim”.
Sevinc universitet həyatından gözləntilərini də bölüşüb: “Universitet həyatından əsas gözləntilərim ixtisasımı dərindən öyrənmək, özümü akademik və şəxsi cəhətdən inkişaf etdirməkdir. Həmçinin müxtəlif tədbir və layihələrdə iştirak etmək, yeni dostluqlar qurmaq, gələcək karyera fəaliyyətim üçün yaxşı təcrübə toplamaq istəyirəm”.
O hesab edir ki, yüksək balla universitetə qəbul olmaq tələbənin gələcək uğurunu öz-özlüyündə təmin etmir: “Yaxşı tələbə olmaq üçün yüksək balla qəbul olmaq kifayət etmir. Düzdür, bu, vacibdir, lakin yüksək balla yanaşı uğurlu tələbə kimi formalaşmaq üçün bir çox şəxsi bacarıqlara da malik olmaq, universitetin ictimai həyatında, çoxsaylı könüllülük təşkilatlarında, tədbirlərdə iştirak etmək, daim öz üzərində çalışmaq mütləqdir”.
Gələcəkdə Sevinc Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərmək istəyir:“Mən gələcəkdə öyrənməkdən yorulmayan, öz vəzifəsini layiqincə yerinə yetirən, daim öz üzərində çalışan, öz şagirdlərinin yaddaşında silinməz iz buraxan Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq istəyirəm”.
“Uşaqlıqdan müəllim olmağı çox arzulamışam”
Gəncə Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına 673,1 balla qəbul olan Xədicə Ələkbərova da region universitetini seçən tələbələrdəndir.
Əslən Gədəbəy rayonunun Ataxal kəndindən olan Xədicə 2015-ci ildən Gəncədə yaşayır. O, Gəncə şəhəri Ə.Cavad adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb, müxtəlif tədbirlərdə və olimpiadalarda iştirak edib. Həm IX (ümumi orta), həm də XI (tam orta) sinifləri fərqlənmə attestatı ilə bitirib.
Xədicə yüksək balla daha fərqli ixtisas və universitetlərə qəbul olmaq imkanının olduğunu desə də, seçimində uşaqlıq arzusunu gerçəkləşdirib: “Uşaqlıqdan müəllim olmağı çox arzulamışam. Mənim üçün savadlı müəllimin hansı universiteti bitirməyinin fərqi yoxdur. Əsas odur ki, öz üzərində işləməyi bacaran yaradıcı,yeniliklərə açıq bir müəllim olasan”.
Universitet həyatını yeni imkanlar mərhələsi kimi qiymətləndirən Xədicə qarşısına bir sıra məqsədlər qoyub. O, ingilis dilini inkişaf etdirmək, IELTS sertifikatı almaq, yeni dillər öyrənmək, məktəb illərindən yazdığı əsərləri davam etdirmək, müxtəlif yarışlarda iştirak etmək, təşkilat və klublara qoşulmaq niyyətindədir.
Xədicə yüksək balın universitet həyatında rahatlıq yaratdığını düşünmür: “Universitet başlayanda anladım ki, əsas mərhələ indi başlayır və həyatımın indiki dövründə daha çox və daha əzmlə çalışmalıyam”.
Onun sözlərinə görə, universitetə qəbul olmaq yalnız ilk mərhələnin başa çatmasıdır: “Universitetə qəbul olmaq son deyil, bu, sadəcə, gözəl olduğu qədər də keşməkeşli olan həyatın qarşımıza qoyduğu ilk çətin məsuliyyətdir”.




