Gəncədə şagirdlər arasındakı mübahisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi sosial şəbəkələrdə Gəncə şəhər 9 nömrəli məktəbdə bir şagirdin digərinə xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama verib.
İdarədən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, aprelin 29-da qeyd edilən təhsil müəssisəsinin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb. Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hər iki şagirdin valideynləri məktəbə dəvət edilib və onlarla profilaktik söhbət aparılıb. Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb:
"Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".



