“Qızdan güləşçi olmaz” deyirdilər – indi Avropa çempionudur

31 May, 2026 - 11:11
“Qızdan güləşçi olmaz” deyirdilər

Gəncə şəhər 42 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ülviyyə Musayeva qadın güləşi üzrə qazandığı uğurlarla diqqət çəkir.

U-15 yaş qrupunda çempion olan gənc idmançı həm idmanda, həm də cəmiyyətdə qarşılaşdığı stereotipləri əzmkarlığı ilə geridə qoyaraq gələcəkdə Azərbaycan bayrağını dünya və Olimpiya arenalarında dalğalandırmağı qarşısına məqsəd qoyub.

“Azərbaycan müəllimi” U15 yaş qrupunda Avropa çempionu olan ilk azərbaycanlı qadın güləşçi kimi tarixə düşən idmançı ilə həmsöhbət olub.

2023-cü ildən bu idman növü ilə məşğul olan Ülviyyə Musayeva bildirir ki, Avropa çempionatına hazırlıq prosesi uzun və çətin olub: “Bir ilə yaxın idi ki, Avropa çempionatına hazırlaşırdım. Yarışda mənim üçün ən çətin rəqib ukraynalı idmançı oldu”.

Ülviyyə həm idmanı, həm də təhsili birlikdə davam etdirməyin asan olmadığını deyir. Buna baxmayaraq, o, gələcəkdə daha böyük uğurlar qazanmaq əzmindədir: “Mən gələcəkdə yaxşı güləşçi olub Azərbaycan bayrağını Avropa, dünya və Olimpiya çempionatlarında dalğalandırmaq istəyirəm.”

Gənc güləşçi beynəlxalq arenalarda ölkəsini təmsil etməyin onun üçün böyük qürur olduğunu vurğulayır:

“Azərbaycan bayrağını arenalarda dalğalandırmaq çox qürurverici hissdir”.

Ülviyyə qadın güləşinə münasibətlə bağlı müəyyən stereotiplərlə qarşılaşdığını da gizlətmir: “Çox insan “sən qızsan, bacarmazsan, dərslərinlə məşğul olmalısan” deyirdi. “Qızdan güləşçi olmaz” kimi sözləri çox eşitmişəm, amma qulaq asmamışam və mənə bu sözü deyənlər indi mənimlə qürur duyurlar”. 

Son illərdə qadın güləşçilərin uğurları bu sahəyə marağı artırıb: “Son illərdə qadın güləşçilər yaxşı nəticələr verməyə başladığı üçün digər bölgələrdə də qızların güləşə marağı artır”.