Özümə “yalnız qalib gələcəyəm” deyib motivasiya verirəm - çempionlar danışırlar
Gəncəli idmançılar İbrahim Həsənov və Rza Rzayev beynəlxalq arenalarda qazandıqları uğurlarla diqqət çəkirlər.
Güləş və boks üzrə mühüm nailiyyətlər əldə edən gənclər “Azərbaycan müəllimi”nə Azərbaycan bayrağını zirvədə dalğalandırmağın qürurundan, çəkdikləri zəhmətdən və gələcək hədəflərindən danışıblar.
“Azərbaycan bayrağını dalğalandırmaq qürurverici hissdir”
Gəncə şəhər 23 nömrəli tam orta məktəbin 10 “A” sinif şagirdi İbrahim Həsənov sərbəst güləş üzrə qazandığı uğurlarla diqqət çəkir. O, 2015-ci ildən idmanla məşğul olur və qısa müddətdə həm ölkə daxilində, həm də beynəlxalq arenada mühüm nailiyyətlər əldə edib.
İbrahim Həsənov 2024-cü ildə Yunanıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanaraq Avropa çempionu olub. 2025-ci ildə İtaliyada təşkil olunan yarışda Avropa ikincisi adına layiq görülən gənc güləşçi 2026-cı ildə Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq ikinci dəfə Avropa çempionu olub.
Gənc idmançı bu uğurun onun üçün xüsusi əhəmiyyət daşıdığını deyir: “Çox gözəl hiss idi. İlk düşündüyüm o oldu ki, şəxsi məşqçim Rauf Xəlilovla çəkdiyimiz əziyyət yerdə qalmadı. Azərbaycan bayrağını dalğalandırmaq qürurverici hissdir”.
O bildirir ki, ilk Avropa çempionluğu ilə son uğuru arasında hiss baxımından fərq olmasa da, U-17 yaş kateqoriyasında qazanılan qələbənin məsuliyyəti daha böyük olub: “Çətin rəqibim olmadı, hamısını tam üstünlüklə keçdim”.
İbrahimin sözlərinə görə, yarışlara çıxarkən ən vacib amillərdən biri psixoloji hazırlıqdır: “Yarış zamanı özümə psixoloji olaraq “yalnız qalib gələcəyəm” deyib motivasiya verirəm və elə döşəyə çıxıram”. Güləşə marağının yaranmasında atasının xüsusi rolu olduğunu vurğulayan idmançı qeyd edir ki, “Güləşə başlama səbəbim atamdır. Atam məni idmana aparıb və özü də idman həvəskarı olub. Mənə idmanı atam sevdirib”.
Peşəkar idman həyatı onun gündəlik yaşam tərzinə də təsir edib. Məktəb mühitində münasibətlərinin hər kəslə yaxşı olduğunu bildirir: “Məktəbdə hamı ilə münasibətim yaxşıdır. Dava edən biri deyiləm”.
Gənc çempion gələcək hədəflərinin daha böyük olduğunu söyləyir. O, Bakıda keçiriləcək dünya çempionatında da uğur qazanmaq arzusundadır: “İnşallah, qarşıdan gələn Bakıda keçiriləcək dünya çempionatında da bu nəticəni təkrarlayacağam”. İbrahim üçün güləş sadəcə idman növü deyil, həyat tərzidir: “Güləş mənim həyat tərzimdir. İdmançı rejimə, qidalanmaya və istirahətə fikir verməlidir”.
“Ən böyük arzum Olimpiya çempionu olub cənab Prezidentimiz İlham Əliyev ilə görüşməkdir”
Gəncənin daha bir idmançısı Rza Rzayev də uğurları ilə seçilir. Artıq 4 qat Azərbaycan çempionu olan gənc boksçu bir dəfə ölkə birinciliyinin finalçısı da olub. Rumıniyanın Ployeşti şəhərində keçirilən yarışın qalibi olan Rza Belarusun paytaxtı Minskdə ikinci yerə layiq görülüb. Türkiyənin Trabzon şəhərində, Gürcüstanın Qori, Tbilisi, Kutaisi və Poti şəhərlərində keçirilən turnirlərdə də çempionluq sevinci yaşayıb.
Rza Rzayevin ən böyük uğurlarından biri isə Monteneqronun Budva şəhərində keçirilən Dünya Kubokunda qazandığı qızıl medal olub. Bundan əlavə, Dubayda təşkil edilən Gimnaziada İdman Oyunlarının qalibi kimi də adını beynəlxalq arenaya yazdırıb.
Rza boksa olan marağının uşaqlıq illərində yarandığını deyir. O, əfsanəvi boksçular Mayk Tayson və Məhəmməd Əlini izlədikdən sonra bu idman növünə böyük həvəs göstərib: “Həm də atam boksla məşğul olmuşdu. Mən də getmək istədiyimi dedim, atam da məni apardı”.
Onun sözlərinə görə, yaxşı boksçu olmaq üçün təkcə fiziki hazırlıq kifayət etmir: “Yaxşı boksçu olmaq üçün özünəinam, xarakter, ən əsası da ürəkli olmaq lazımdır”.
Rza uğurun əsas sirrinin intizam və zəhmət olduğunu vurğulayır: “Qələbənin arxasında əziyyət və intizam dayanır. Vaxtında yatıb-durmaq lazımdır, yeməklərə fikir vermək lazımdır. Nə qədər əziyyət çəksən də, intizam olmasa nailiyyət olmayacaq. Disiplin olsa, əziyyət çəkməsən yenə nailiyyət olmayacaq. Bunun üçün hamısı birlikdə olmalıdır”.
Gənc idmançı yarışlardan əvvəl həyəcan keçirdiyini gizlətmir: “Döyüşdən əvvəl həyəcan olur, bu, hər idmançıda olur. Mən musiqiyə qulaq asıram, rinqə girəndə isə həyəcan tamamilə yox olur”.
Ən çətin rəqibinin erməni idmançı olduğunu deyən Rza həmin qarşılaşmada motivasiyasının daha yüksək olduğunu bildirir: “Ən çətin rəqibim erməni olub.Fərqləndirən xüsusiyyət onda idi ki, mən ondan çox qalib olmaq istəyirdim, yalnız qələbəni fikirləşirdim”.
Dağıstan Dövlət Pedaqoji Universitetinin tələbəsi olan Rza təhsil və idmanı birlikdə davam etdirməyin çətin olduğunu desə də, təhsilin vacibliyini xüsusi qeyd edir: “Bəli, təhsillə idman birlikdə çox çətin olur, amma təhsil də önəmlidir”.
Xarici ölkələrdə keçirilən yarışların ona böyük təcrübə qazandırdığını bildirən gənc boksçu hər yarışdan nəticə çıxardığını deyir: “Xaricdə keçirilən yarışların mənə qazandırdığı təcrübə odur ki, harada nə səhvlər etdiyimi sonradan görürəm, üzərində işləyirəm və gələcək yarışlarda o səhvləri etmirəm”.
Azərbaycan bayrağını beynəlxalq arenalarda yüksəltməyin onun üçün ən böyük qürur olduğunu söyləyən Rza əlavə edir: “Bayrağımızı yüksəldib himnimizi səsləndirmək mənim üçün çox gözəl, qürurverici hissdir”.
Özünə nümunə götürdüyü idmançının Gervonta Davis olduğunu deyən Rza idmançıların cəmiyyətdə davranışına da toxunur: “İdmançılar daha əsəbi olur, düzdür. Lakin gücümüzü çöldə yox, rinqdə göstərməyi seçirik. Çünki dalaşsaq döyəcəyimizi bilirik, hədəflərimiz üçün çöldə dalaşmağı seçmirik”.
O hesab edir ki, gənclərin idmana marağını artırmaq üçün onlara dəstək və motivasiya vermək lazımdır: “Çempion olub gələn boksçuya verilən dəyəri gənclər görsə, əlbəttə ki, onlar da idmana gəlmək istəyəcəklər”.
Gündəlik həyatının əsas hissəsini isə məşqlər təşkil edir: “Demək olar ki, boş vaxtım olmur. Səhər məşq edib gəlib yatıram, sonra axşam məşqini edib yenə istirahət edirəm. Müəyyən boş vaxtlarımda isə gəzintiyə çıxıram”
Rza Rzayevin qarşısında isə yeni və daha böyük hədəflər dayanır: “Qarşıdakı hədəfim avqust ayında Serbiyada keçirilən Avropa çempionatında qalib olmaq, sonra Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında qalib olmaqdır. Ən böyük arzum isə Olimpiya çempionu olub bayrağımızı qaldırmaq, himnimizi səsləndirmək və cənab Prezidentimiz İlham Əliyev ilə görüşməkdir”.



