Bu məktəbdə Bilik Günü yeni təhsil modelinin başlanğıcına çevrildi
Şagirdin gələcək təhsil və peşə seçiminə məktəb illərindən daha məqsədyönlü hazırlanması, maraq və bacarıqlarına uyğun istiqamətdə dərinləşdirilmiş bilik əldə etməsi... Azərbaycan təhsilində tətbiqinə başlanılan yeni təmayül tədris modeli məhz bu hədəfləri qarşıya qoyur. Yeni model məktəbi yalnız bilik verilən məkan deyil, həm də şagirdin gələcək istiqamətinin müəyyənləşdiyi, potensialının üzə çıxarıldığı və inkişaf etdirildiyi mühitə çevirməyi hədəfləyir.
2026-2027-ci tədris ilindən yeni təmayül tədris modeli paytaxtla yanaşı, ölkənin 46 şəhər və rayonunda 90 orta ümumtəhsil müəssisəsində tətbiq olunacaq.
Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Yeni təmayül tədris modeli şagirdlərin akademik inkişafını və gələcək təhsil hədəflərinə uyğun hazırlığını gücləndirməklə yanaşı, peşəkar müəllim potensialının tədris prosesində daha səmərəli dəyərləndirilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Bu baxımdan modelin tətbiq olunduğu məktəblərdən birində -Bakı şəhəri E.Məmmədov adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinin ilk günü xüsusi məna daşıyıb. Məktəb Yasamal rayonu üzrə yeni təmayül tədris modelinin tətbiqi üçün seçilib və burada 162 şagirdin iştirakı ilə 9 sinif komplektində(7-si X,2-si XI sinif olmaqla ) modelin tətbiqinə başlanılıb.
Nazir yeni tədris ilinin ilk günündə bu təhsil müəssisəsində olub
Yeni modelin ölkə üzrə tətbiqinə start verilən ilk tədris ilində elm və təhsil naziri Emin Əmrullayevin Bilik Günü münasibətilə keçirilən tədbirdə məhz E.Məmmədov adına 21 nömrəli məktəbdə iştirakı diqqət çəkib.Nazirinin bu məktəbdə olması təsadüfi seçim deyildi. Bu, yeni təmayül tədris modelinin tətbiqinin yerindəcə müşahidə edilməsi,müəllim və şagirdlərin proseslə bağlı fikirlərinin dinlənilməsi və qarşıya qoyulan hədəflərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyıyırdı.
Bilik Günündə həmçinin Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, BŞTİ-nin nümayəndələri, valideynlər, müəllim və şagird kollektivi iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin uğurları yeni model üçün zəmin yaradır
Tədbirdə çıxış edən məktəbin direktoru son iki ildə təlim-tərbiyə mühitində, nizam-intizamda və akademik göstəricilərdə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunduğunu bildirib. Qeyd edilib ki, IX və X siniflərin buraxılış imtahanlarında, eləcə də ali məktəblərə qəbul faizində əhəmiyyətli artım əldə olunub.
Məktəbin məzunu Zeynəb Abbaslı 637 bal toplayaraq Qarabağ Universitetinin Tibb fakültəsinə qəbul olub. VI sinif şagirdi Heydər Əliyev Respublika fənn müsabiqəsində riyaziyyat üzrə bürünc medala layiq görülüb.
Direktor yeni təmayül tədris modelinin paytaxtın Yasamal rayonu üzrə məhz bu məktəbdə tətbiq edilməsinin kollektiv üçün həm böyük etimad, həm də məsuliyyət olduğunu vurğulayıb.
Yeni model şagirdə nə verəcək?
Yeni təmayül tədris modelinin əsas üstünlüklərindən biri şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamətdə daha dərin və sistemli bilik əldə etməsinə imkan yaratmasıdır. Gücləndirilmiş tədris prosesi şagirdlərin ali təhsilə hazırlığını məktəb daxilində daha səmərəli təşkil etməyə, əlavə hazırlıq ehtiyacını azaltmağa və təhsil prosesinin nəticəyönümlülüyünü artırmağa hesablanıb.
Model, həmçinin şagirdlərin analitik düşünmə, araşdırma, problem həll etmə və əldə etdikləri bilikləri praktikada tətbiq etmək bacarıqlarının inkişafına imkan yaradır.Bu yanaşma onların gələcək ixtisas və peşə seçimini daha düzgün seçməsinə dəstək verəcək.
Ölkəmizdə elm və təhsilə göstərilən diqqət və qayğı
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkəmizdə elm və təhsilə göstərilən diqqət və və qayğıdan danışıb.
O qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev hər zaman təhsilə, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişdirilməsinə xüsusi önəm verib, bu sahənin inkişafı üçün mühüm addımlar atıb:“Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də müasir və keyfiyyətli təhsil sisteminin formalaşdırılmasıdır. Bu gün ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir məktəblərin inşası, müəllimlərin fəaliyyətinin dəstəklənməsi və şagirdlərin keyfiyyətli təhsil imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın elm, təhsil və mədəniyyət sahələrinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Bildirilib ki, Fond tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər gənc nəslin hərtərəfli inkişafına, onların müasir bilik və bacarıqlara yiyələnməsinə geniş imkanlar yaradır.
Elşad Həsənov yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb
“Yeni tədris ilində əsas istiqamətlərdən biri təmayül siniflərin fəaliyyətinin genişləndirilməsidir”
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında məktəbin əsas vəzifəsinin yalnız bilik verməklə məhdudlaşmadığını, şagirdlərin müstəqil düşünən, araşdıran və məsuliyyətli vətəndaş kimi yetişdirilməsinin də mühüm olduğunu bildirib: “Yeni tədris ilində əsas istiqamətlərdən biri təmayül siniflərin fəaliyyətinin genişləndirilməsidir. Bu il 90 məktəbdə təmayül tədris modeli tətbiq ediləcək.Əsas məqsəd şagirdin fərdi potensialını üzə çıxarmaq, onun maraq və qabiliyyətlərinə uyğun təhsil almasına şərait yaratmaq və gələcək həyata daha hazırlıqlı şəkildə qədəm qoymasını təmin etməkdir”.
Nazir bildirib ki, yeni təmayül tədris modeli uğurlu nəticələr verərsə, gələcəkdə onun daha geniş tətbiqi mümkün ola bilər.
“İlk zəng”lə yeni mərhələyə start
Sonra “İlk zəng”in sədaları altında şagirdlər müəllimləri ilə birlikdə siniflərə daxil oldular.”İlk zəng”lə bir tərəfdən yeni dərs ilinə start verildi, digər tərəfdən isə şagirdlər üçün yeni biliklərin, hədəflərin və yeni uğurların başlanğıcı qoyuldu.
Daha sonra nazir Emin Əmrullayev və digər qonaqlar yeni təmayül tədris modelinin tətbiq olunduğu X və IX siniflərdə oldu. Nazir ixtisas qrupları üzrə formalaşdırılan siniflərin şagirdlərlə, burada dərs demək üçün seçilən müəllimlərlə səmimi söhbət edərək, onların arzuları və gözləntiləri ilə maraqlandı.
Nazir həmçinin birinci sinif şagirdləri ilə də görüşərək balacalarla söhbətləşdi, onları ilk məktəb günü münasibətilə təbrik etdi.
Beləliklə, Bakı şəhəri E.Məmmədov adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən Bilik Günü yeni tədris ilinin başlanması ilə yanaşı, Azərbaycan təhsilində yeni təmayül tədris modelinin tətbiqinə verilən startla da yadda qaldı. Modelin əsas hədəflərindən birinin şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məktəbdə əldə etdikləri gücləndirilmiş və keyfiyyətli təhsil hesabına ali təhsilə hazırlaşmalarına imkan yaratmaq, bununla da onların gələcək hədəflərinə daha inamla addımlamasına və valideynlərin üzərinə düşən əlavə maddi yükün azalmasına şərait yaratmaq olduğunu nəzərə alsaq, tədris modelinin şagird, ailə və bütövlükdə təhsil sistemi üçün yaratdığı imkanların əhəmiyyəti daha aydın görünür. Bu baxımdan yeni təmayül modeli yalnız tədris yanaşması deyil, həm də hər bir şagird üçün məktəb daxilində daha bərabər və əlçatan təhsil imkanlarının yaradılmasına yönəlmiş yeni mərhələdir.




