Bu məktəblər üzrə ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək
Naxçıvan Muxtar Respublikasında uşaq musiqi və incəsənət məktəbləri üzrə ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən tabeli Regional Mədəniyyət idarələrinin uşaq musiqi və incəsənət məktəblərində 2025/2026-cı tədris ili üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili və keçirilməsi ilə bağlı yeni Qaydalar təsdiq edilib.
Mərkəzləşdirilmiş buraxılış imtahanları Azərbycan Respublikası Mədəniyyət Nazirliyinin rəqəmsal idarəetmə platforması və “MyCulture” vahid şəxsi kabinet vasitəsilə təşkil olunacaq. Məzunlara imtahanın tarixi, vaxtı və məkanı barədə məlumat SMS, elektron poçt və şəxsi kabinet üzərindən bildiriləcək.
İmtahanların iyunda keçirilməsi nəzərdə tutulur. İmtahanlar müvafiq ixtisaslar üzrə komissiyalar tərəfindən 5 ballıq sistem əsasında qiymətləndiriləcək. Yekun nəticələr komissiya üzvlərinin verdiyi balların orta göstəricisi əsasında müəyyən ediləcək.
Yeni qaydalar uşaq musiqi və incəsənət təhsilində qiymətləndirmə sisteminin müasir standartlara uyğunlaşdırılmasına, şəffaflığın artırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Qaydalar və imtahan proqramları ilə link vasitəsilə tanış olmaq olar.



