"Bu nəticə illərin əməyinin göstəricisidir" - Sertifikasiyada seçilənlər
Müəllimlərin sertifikatlaşdırılması prosesi təhsildə keyfiyyətin yüksəldilməsi və pedaqoqların peşəkar inkişafının stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesdə yüksək nəticə göstərən müəllimlər həm peşəkar bilik və bacarıqlarını nümayiş etdirir, həm də öz həmkarlarına nümunə olurlar.
Sertifikatlaşdırma imtahanında uğur qazanan müəllimlərdən Murad Zeynalov, Günel Mirzəyeva və Vüqar Əzimov əldə etdikləri nəticələr, hazırlıq prosesi və gələcək hədəfləri barədə fikirlərini "Azərbaycan müəllimi" ilə bölüşüblər.
“Bu nəticə illər ərzində göstərdiyim müəllimlik fəaliyyətinin göstəricisidir”
Fiziki tərbiyə müəllimi Murad Zeynalov 2021-ci ildə MİQ müsabiqəsində 50 bal toplayıb və Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb.
Sertifikatlaşdırma imtahanında 59 bal toplayan müəllim qeyd edir ki, məqsədi 50 bal həddini keçərək yüksək nəticə əldə etmək olub:
“İmtahanı bitirdim. Ekranda 59 bal topladığımı gördüm və çox sevindim. Bu yüksək nəticə çəkdiyim əziyyətlərin bəhrəsi idi. Həmin an öz-özümə dedim ki, mən bunu bacardım. Bu nəticəni illər ərzində göstərdiyim müəllimlik fəaliyyətinin, davamlı özünüinkişafın və şagirdlərimə məsuliyyətlə yanaşmağımın göstəricisi hesab edirəm. Sertifikatlaşdırma imtahanında əldə etdiyim yüksək nəticə həm nəzəri biliklərimin, həm də onları praktik fəaliyyətimdə tətbiq etməyimin əksidir. Bu uğur mənim üçün həm motivasiya, həm də gələcəkdə daha yüksək nəticələr əldə etmək üçün məsuliyyətdir”.
Murad müəllim imtahana planlı şəkildə hazırlaşdığını bildirir. O, metodik vəsaitlərdən, dərsliklərdən, fənn kurikulumundan və əvvəlki illərin nümunə suallarından istifadə edib, mütəmadi olaraq sınaq testləri işləyərək biliklərini möhkəmləndirib.
Onun fikrincə, sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərir:
“Hər bir müəllim öz üzərində mütəmadi işləməli, biliklərini yeniləməlidir. Bunun nəticəsində müəllimlərin peşəkarlığı artacaq və təhsilin keyfiyyəti daha da yüksələcək”.
Murad müəllim həmkarlarına bunu da tövsiyə edir ki, imtahana son günlərdə deyil, əvvəlcədən planlı şəkildə hazırlaşmaq, mövzuları davamlı təkrarlamaq və öz biliyinə inanmaq uğurun əsas şərtlərindəndir.
Gələcək planlarından danışan müəllim bildirir ki, əsas məqsədi fiziki tərbiyə dərslərini yüksək peşəkarlıqla tədris etmək, şagirdlərin sağlam inkişafına dəstək olmaq və vətənpərvər ruhlu gənclərin yetişməsinə töhfə verməkdir. O, növbəti tədris ilində qrant layihəsi hazırlayaraq müsabiqəyə təqdim etməyi də planlaşdırır.
“59 bal mənim üçün sadəcə rəqəm deyil”
Biləsuvar rayonunun İsmətli kəndində anadan olan Günel Mirzəyeva pedaqoji fəaliyyətə ilk olaraq Cəlilabad rayonunun Xəlilli kənd tam orta məktəbində başlayıb. Daha sonra MİQ müsabiqəsində 100 mümkün baldan 85 bal toplayaraq Biləsuvar rayonu Ağalı kənd tam orta məktəbində fəaliyyətini davam etdirib. Hazırda 6 illik pedaqoji staja malikdir.
Texnologiya müəllimi kimi sertifikatlaşdırma imtahanında 59 bal toplayan Günel müəllim deyir ki, bu nəticə onun üçün xüsusi əhəmiyyət daşıyır:
“Sertifikatlaşdırma imtahanında topladığım 59 bal mənim üçün sadəcə rəqəm deyil, çəkdiyim zəhmətin uğurlu nəticəsidir”.
O, imtahana sistemli şəkildə hazırlaşdığını, ilk növbədə proqramı təhlil edərək zəif bildiyi mövzuları müəyyənləşdirdiyini bildirir. Müəllim həm dövlət dərsliklərindən, həm də əlavə metodik vəsaitlərdən istifadə edərək biliklərini artırıb.
Günel müəllim sertifikatlaşdırmanın müəllimlərin peşəkar inkişafı üçün mühüm əhəmiyyət daşıdığını düşünür:
“Müəllimin öz üzərində işləməsi, yeniliklərdən xəbərdar olması birbaşa olaraq tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edir”.
Onun sözlərinə görə, imtahan sualları həm ixtisas biliklərini, həm də metodiki bacarıqları əhatə edib və müasir proqramla tam uyğunluq təşkil edib. Müəllim hesab edir ki, sertifikatlaşdırma prosesi obyektiv meyarlar əsasında aparıldığı üçün pedaqoqların peşəkar səviyyəsinin qiymətləndirilməsində mühüm rol oynayır.
Gələcək fəaliyyətində isə texnologiya dərslərində STEAM yanaşmasının və rəqəmsal resursların tətbiqini genişləndirməyi planlaşdırır. Məqsədi şagirdlərin yaradıcılıq, əməkdaşlıq və praktiki bacarıqlarını daha da inkişaf etdirməkdir.
“Təcrübə və biliklərimi həm şagirdlərlə, həm də gənc müəllimlərlə bölüşmək istəyirəm”
Vüqar Əzimov Yardımlı rayonunun Astanlı kəndində anadan olub. Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında təhsil alıb. Əmək fəaliyyətinə Yardımlı rayonunun Zevin kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi başlayıb. Daha sonra Yardımlı rayonu Astanlı kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsində çalışıb.
MİQ müsabiqəsində iştirak etdikdən sonra Cəlilabad rayonunun Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyətini davam etdirir.
Sertifikatlaşdırma imtahanına əvvəlki bilikləri hesabına hazırlaşdığını bildirən Vüqar müəllim qeyd edir ki, imtahana iki ay ərzində intensiv şəkildə hazırlaşıb.
Sertifikatlaşdırma imtahanında 59 bal toplayan müəllimin sözlərinə görə, hazırlıq prosesində yeni məlumatlar öyrənməkdən daha çox mövcud biliklərini möhkəmləndirməyə diqqət yetirib.
Vüqar müəllim hesab edir ki, əldə etdiyi nəticə ona gələcək fəaliyyətində daha böyük motivasiya verəcək:
“Bu uğur daha həvəslə işləməyimə, illərlə qazandığım təcrübə və bilikləri həm şagirdlərə, həm də yeni işə başlayan müəllimlərə çatdırmağıma töhfə olacaq”.
Həmkarlarına tövsiyə edən müəllim imtahan zamanı diqqətli olmağın, sualları düzgün dərk edib cavablandırmağın və cavabları bir daha yoxlamağın vacibliyini vurğulayır. O, hazırlıq mərhələsində müxtəlif testlərdən istifadə etməyi də faydalı hesab edir.
Müəllimlik peşəsinə yeni başlayanlara isə ilk növbədə öz işlərinə sevgi və vicdanla yanaşmağı tövsiyə edir.




