“Bu nəticə yeni inkişaf mərhələsinin başlanğıcıdır” — ATU-dan tarixi reytinq debütü

30 Sentyabr, 2026 - 19:44
“Bu nəticə yeni inkişaf mərhələsinin başlanğıcıdır”

“Azərbaycan Tibb Universitetinin (ATU) beynəlxalq reytinqlərdə qazandığı son uğurlar yalnız statik rəqəmlər deyil, onun qlobal miqyasda artan akademik çəkisinin və nüfuzunun bariz göstəricisidir”.

Bunu “Azərbaycan müəllimi”nə ATU-nun İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri, dosent Aygün Babayeva bu ali məktəbin ilk dəfə dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri sayılan “Times Higher Education” (THE) tərəfindən keçirilən “THE World University Rankings 2027” siyahısında yer alması barədə danışarkən deyib. 

Onun sözlərinə görə, 118 ölkədən 2 297 ali təhsil müəssisəsinin təmsil olunduğu bu nəhəng akademik platformada universitet 2001+ intervalında qərarlaşaraq tarixi debüt reallaşdırıb. Eyni zamanda, ATU akademik göstəricilərlə yanaşı, ekoloji və davamlı inkişaf sahəsində də önəmli addım ataraq qlobal “UI GreenMetric 2026” reytinqində ilk dəfə yer almağı bacarıb: “Qazanılan bu uğurlar yalnız statik rəqəmlər deyil, ATU-nun qlobal miqyasda artan akademik çəkisinin və nüfuzunun bariz göstəricisidir. Bu siyahıda yer almaq universitetin elmi və akademik fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasını təmin edir. Nəticədə xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları genişlənir, yeni tərəfdaşlıqlar və beynəlxalq layihələr üçün möhkəm zəmin yaranır.

 “UI GreenMetric” reytinqinin əhəmiyyətinə də toxunan şöbə müdiri bunu da əlavə edib ki, 2010-cu ildən İndoneziya Universiteti tərəfindən aparılan bu qiymətləndirmə ali təhsil ocaqlarının davamlılıq, enerji səmərəliliyi, tullantıların və su ehtiyatlarının idarə olunması, rəqəmsallaşma və kampus infrastrukturunu əhatə edir. ATU-nun bu siyahıda yer alması tibbi təhsilin müasir ekoloji standartlara uyğunlaşdırıldığını və ölkədə həyata keçirilən “yaşıl təşəbbüslər” siyasətinə dəyərli töhfə verdiyini təsdiqləyir.

“Eyni vaxtda əldə olunan bu iki mühüm nailiyyət ATU üçün son deyil, yeni inkişaf mərhələsinin başlangıcıdır. Professor Gəray Gəraybəylinin ATU rektoru kimi fəaliyyətə başladığı ilk gündən universitetin beynəlxalq əlaqələrinin və qlobal nüfuzunun artırılmasına yönəlmiş xüsusi diqqəti bu gün ali məktəbin dünya miqyasında qazandığı böyük uğurların təməlini təşkil edir. Universitet uzunmüddətli strategiyasına uyğun olaraq, gələcəkdə reytinq mövqelərini gücləndirməyi, növbəti illərdə reytinq cədvəllərində daha yuxarı pillələrə yüksəlmək məqsədilə elmi-tədqiqat potensialı və beynəlxalq nəşrlərin sayını davamlı olaraq artırmağı planlaşdırır. Klinika və tədris binalarında enerji səmərəliliyi maksimum səviyyəyə çatdırılacaq, karbon izinin azaldılması istiqamətində tədbirlər gücləndiriləcək. Su, enerji və digər resurslardan daha qənaətlə və səmərəli istifadəni təmin edən monitorinq sistemləri tətbiq olunacaq.

Azərbaycan Tibb Universiteti bundan sonra da qlobal təhsil standartlarına tam cavab verən, innovativ, ekoloji baxımdan dayanıqlı və nüfuzlu bir tibb ocağı kimi inkişafını əzmkar şəraitdə davam etdirəcək”.