Dərsliklərin hazırlanmasında hansı meyarlar əsas götürülür? - ARTİ-dən açıqlama

5 Noyabr, 2026 - 09:18
Dərsliklərin hazırlanmasında hansı meyarlar əsas götürülür?

Dərsliklər hazırlanarkən dil və üslubun yaş səviyyəsinə uyğunluğu, termin və anlayışların təqdim edilməsi, məzmunun mürəkkəblik səviyyəsi və ardıcıllığı, tapşırıqların anlaşıqlılığı və çətinlik səviyyəsi, təlim məqsədlərinə uyğunluq, nəzəri məlumatlarla praktik fəaliyyət arasında balans, eləcə də izah və nümunələrin əlçatanlığı əsas meyarlar kimi götürülür.

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutundan (ARTİ) məlumat verilib.

Bildirilib ki, dərsliklər hazırlanarkən mətnlərin, izahların və tapşırıqların şagirdlərin yaşına və anlama səviyyəsinə uyğunluğu konkret pedaqoji, psixoloji və didaktik meyarlar əsasında müəyyənləşdirilir.

Əsas meyarlardan biri dil və üslubun yaş səviyyəsinə uyğunluğudur:

“Mətnlərdə istifadə olunan sözlərin, cümlə quruluşlarının və fikirlərin ifadə tərzinin şagirdlərin yaş xüsusiyyətlərinə və orta qavrama səviyyəsinə uyğunluğu qiymətləndirilir. Mətnlərin aydın, anlaşıqlı və lakonik olması, mürəkkəb ifadələrdən zərurət olmadan istifadə edilməməsi nəzərə alınır”.

İnstitutdan bildirilib ki, yeni termin və anlayışların təqdim edilməsi də qiymətləndirilir:

“Yeni termin və anlayışların əvvəlcə izah olunması, onların şagirdlərin bilik səviyyəsinə uyğun şəkildə təqdim edilməsi, bir dərs və ya səhifədə yeni anlayışların sayının optimal olması yoxlanılır”.

Məlumata görə, məzmunun mürəkkəblik səviyyəsi və ardıcıllığı da nəzərə alınır:

“Mövzuların şagirdlərin əvvəlki bilik və bacarıqları nəzərə alınmaqla qurulması, məlumatların sadədən mürəkkəbə doğru təqdim edilməsi, yeni biliklərin əvvəlki biliklərlə əlaqələndirilməsi qiymətləndirilir”.

ARTİ-nin məlumatında tapşırıqların anlaşıqlılığı və çətinlik səviyyəsinə də toxunulub:

“Tapşırıqların şərtlərinin sadə, dəqiq və lakonik olması, şagirdin tapşırıqda ondan nə tələb olunduğunu müstəqil şəkildə başa düşə bilməsi əsas götürülür. Tapşırıqların sadədən mürəkkəbə doğru ardıcıllığı, müxtəlif çətinlik səviyyələrini əhatə etməsi və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olması qiymətləndirilir”.

İnstitutdan qeyd olunub ki, dərsliklərin təlim məqsədlərinə uyğunluğu, nəzəri məlumat və praktik fəaliyyət arasında balansın qorunması da əsas meyarlardandır:

“Mətn, izah və tapşırıqların müvafiq mövzu üzrə müəyyən edilmiş təlim məqsədlərinə xidmət etməsi, nəzərdə tutulan bacarıqların formalaşdırılmasına imkan yaratması yoxlanılır. Təqdim olunan nəzəri materiallar ilə praktik tapşırıqların həcmi arasında mütənasiblik nəzərə alınır”.

Bildirilib ki, izah və nümunələrin əlçatanlığı da qiymətləndirilir:

“Mürəkkəb mövzuların izahında gündəlik həyatdan götürülmüş sadə, konkret nümunələrdən istifadə olunması, illüstrasiyaların yeni anlayışların mənimsənilməsinə kömək etməsi qiymətləndirilir”.