“Bu qalibiyyət mənim üçün çox dəyərlidir” – Olimpiadanın qızıl medalçısı
Məktəblilərin Respublika İdman Olimpiadasında uğur qazanan gənclərdən biri də Rüfət Həsənlidir. 2010-cu ildə Mingəçevir şəhərində anadan olan Rüfət 2017-ci ildən etibarən cüdo idman növü ilə peşəkar şəkildə məşğul olur. Bir çox yarışlarda yüksək nəticələr göstərən idmançı, növbəti parlaq qələbəsini olimpiadada qazanıb.
"Azərbaycan müəllimi" Rüfətlə həmsöhbət olub.
Mingəçevirdə yerləşən Kəlbəcər rayon 123 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan idmançı dərslərini də əla qiymətlərlə oxuyur. İdmanla yanaşı təhsilini uğurla davam etdirir.
"Məktəblilərin Respublika İdman Olimpiadasına cüdo növü üzrə 66 kq çəki dərəcəsində qatılmışdım. Bütün rəqiblərimə tam üstünlüklə qalib gələrək qızıl medala layiq görüldüm və çempion oldum. Bu qalibiyyət mənim üçün çox dəyərlidir. Əsas hədəflərimdən biri Polis Akademiyasına qəbul olmaq, gələcəkdə ölkəmizi beynəlxalq arenalarda təmsil edərək peşəkar idman karyerasını uğurla davam etdirməkdir".




