Bu şəxslər Rumıniyada təqaüdlə təhsil alacaqlar
2026/2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Rumıniyanın ali təhsil müəssisələrində təhsil almaq üçün keçirilmiş müsabiqənin yekun nəticələri açıqlanıb.
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Nəticələrə əsasən, 7 Azərbaycan vətəndaşı Rumıniyada təqaüdlə təhsil almaq hüququ qazanıb. Qəbul olunan namizədlərdən 2 nəfər bakalavriat, 4 nəfər magistratura, 1 nəfər isə doktorantura səviyyəsi üzrə təhsil alacaq.
Təqaüdçülər mexanika mühəndisliyi, sənaye mühəndisliyi, neft və qaz mədənləri mühəndisliyi, elektrik mühəndisliyi, jurnalistika və kommunikasiya elmləri, eləcə də biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alacaqlar.
Seçilmiş namizədlər University of Bucharest, National University of Science and Technology Politehnica Bucharest, “Gheorghe Asachi” Technical University of Iași və University of Petroșani kimi ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə ediblər.
Təqaüd proqramının şərtlərinə əsasən, tələbələr bir il müddətində ödənişsiz rumın dili hazırlığı keçəcəklər. Onların təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüdü və tibbi sığorta xərcləri Rumıniya tərəfi, beynəlxalq nəqliyyat xərcləri isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.
Qeyd edək ki, sözügedən təqaüd proqramı üzrə müraciətlərin qəbuluna 13 fevral 2026-cı il tarixində başlanılıb.




