Vurğu mövzusu ilə bağlı yanlış anlaşılmalara AYDINLIQ GƏTİRİLDİ

22 Sentyabr, 2026 - 10:07
Vurğu mövzusu ilə bağlı yanlış anlaşılmalara

Yeni tədris ili üzrə buraxılış imtahanı proqramlarına vurğu mövzusunun əlavə edilməsi təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Vurğu mövzusunun 5-ci sinif dərsliklərindən çıxarıldığını və imtahana salınmasının səhv olduğunu iddia edənlər var. 
Bəs reallıq necədir? Həqiqətənmi, vurğu mövzusu dərsliklərdən tamamilə çıxarılıb?

“7-ci sinif Azərbaycan dili dərsliyində vurğu mövzusu tədris olunur”

Təhsil İnstitutunun Humanitar fənlərin proqramları şöbəsinin müdiri Turan Zəkəriyəyeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, vurğu mövzusu 5-ci sinifdə tədris olunmur, amma bu, proqramdan çıxarılıb demək deyil: “Sentyabr ayının 10-da Dövlət İmtahan Mərkəzi 2026–2027-ci tədris ili üçün buraxılış imtahanlarında istifadə olunacaq məzmunla bağlı proqram dərc etdi. Həmin proqramda IX və XI siniflər üçün “Fonetika” bölməsinə vurğu mövzusu da daxil edilib. Bu da cəmiyyətdə müəyyən anlaşılmazlıq yaradıb ki, vurğu mövzusu 5-ci sinifdə artıq tədris olunmadığı halda niyə buraxılış imtahanında soruşulur?

Vurğu mövzusu 5-ci sinifdə tədris olunmasa da, bu, proqramdan çıxarılıb demək deyil. 7-ci siniflər üçün hazırda kütləvi istifadədə olan yeni Azərbaycan dili dərsliyinə vurğu mövzusu daxil edilib. Bunun da əsas səbəbi təhlillərə əsasən, 5-ci sinifdə şagirdlərin vurğu hadisəsi ilə bağlı nəzəri məlumatı mənimsəməsi çətin olurdu. Növbəti ildə 8-ci sinif dərsliklərində də vurğulu hecalı ilə bağlı mövzu olacaq.

Digər tərəfdən hazırda 9-cu və 11-ci siniflərdə oxuyan şagirdlər 5-ci sinifdə oxuyarkən, yəni müvafiq olaraq 2020–2021 və 2022–2023-cü tədris illərində dövlət ümumi təhsil müəssisələrində qüvvədə olan 5-ci sinif Azərbaycan dili dərsliyində vurğu mövzusu var idi. Qısası, bu günün 9-cu və 11-ci sinif şagirdləri 5-ci sinifdə oxuyarkən vurğu mövzusunu keçiblər. Ona görə də həmin şagirdlərdən vurğu mövzusunun soruşulması və DİM tərəfindən buraxılış imtahanına daxil edilməsi standartlara və proqrama uyğundur”.

“Heç bir nəsil, heç bir şagird vurğu mövzusunu öyrənmədən məzun olmayıb”

T. Zəkəriyəyeva son iki ildə vurğu mövzusunun buraxılış imtahanlarının proqramlarına daxil edilməməsinin səbəblərini də izah edib: “Son iki ildə buraxılış imtahanlarının proqramlarında vurğu mövzusu ona görə yox idi ki, bu iki il üçün qüvvədə olan 5-11-ci sinif dərsliklərinin heç birində proqramda vurğu yox idi. Çünki 5-ci sinifdən çıxarılmışdı, yeni 7-ci sinif dərsliyi isə hələ kütləvi istifadədə deyildi. Həmin 5-ci siniflərə vurğu mövzusu 7-ci sinifdə tədris ediləcək.

Nəticə etibarilə, heç bir nəsil, heç bir şagird vurğu mövzusunu öyrənmədən məzun olmayıb, olmayacaq”.

“Vurğu təbii olaraq mühitdə, prosesdə öyrənilir”

Şöbə müdiri şagirdlərə vurğunun öyrədilməsi məsələsinə də aydınlıq gətirib: “Ümumiyyətlə, şifahi nitqdə sözlərin vurğusunun düzgün hecada istifadəsi yalnız məktəbdəmi öyrədilməlidir? Bu, yaxşı müzakirə məsələsidir. Müasir yanaşmada əsas diqqət dil qaydalarının əzbərlənməsinə deyil, onların düzgün oxu, tələffüz və şifahi nitq prosesində praktik tətbiqinə yönəldilir. Bu səbəbdən vurğu ilə bağlı materiallar şagirdlərin yaş səviyyəsi gözlənilməklə, müvafiq mövzular çərçivəsində və ya onların nitq və oxu bacarıqlarının formalaşdırılması prosesində mənimsədilir.

Nitqimizdə istifadə etdiyimiz bütün sözlərin vurğusunun hansı hecada olması xüsusi olaraq öyrədiləcək bacarıq deyil. Vurğudan düzgün istifadə təbii olaraq mühitdə, prosesdə öyrənilir. Yəni fərd sözün hansı hecasını daha fərqli, daha intensiv və ya ucadan tələffüz edəcəksə, bunu məruz qaldığı mühitdə öyrənməlidir: öncə ailədə, sonra məktəbəqədər, daha sonra isə ümumi təhsil mərhələsində. Vurğu elə bir hadisə, elə bir qanunauyğunluqdur ki, hər bir söz üçün o öyrədilə bilməz. Məktəbdə formalaşdırılan vurğusunu dəyişməklə mənasını dəyişən sözləri fərqləndirmək, vurğu qəbul etməyən şəkilçi və hissəcikləri tanımaq, bəzi terminlərdə xüsusi hissələrə görə vurğunun yerini müəyyən etmək kimi bacarıqlardır. 

Uşaq mühitdə, təbii halda nəyə məruz qalırsa, ona vərdiş edir. Hansı dilə, ləhcəyə, dialektə, intonasiya növünə məruz qalırsa, onu öyrənir. Bizim istər valideyn kimi, istər bağçada tərbiyəçi kimi, istər məktəbdə müəllim kimi vəzifəmiz şagirdin nitqində ətraf mühitdən formalaşan yanlış vərdişləri dəyişmək, doğru şəkildə istiqamətləndirməkdir. Əgər uşaq hər hansı bir sözün vurğusunu yanlış deyirsə, o, ətrafındakıların təsiri ilə, onu doğru eşidə-eşidə düzgün tələffüz etməyə başlayacaq. Müəllim sinifdə sözün orfoepik normalara uyğun formasını həm öz nitqində göstərərək, həm də istifadə etdiyi mətnlərdə, cümlələrdə düzgün tələffüz edərək şagirdə nümayiş etdirəcək və şagird bunu təbii halda öyrənəcək.

Ümumiyyətlə, ibtidai təhsil səviyyəsindən başlayaraq məntiqi vurğu müvafiq alt standartlarda öz əksini tapır. Müasir kurikulum yanaşmasında əsas məqsəd dil qaydalarının yalnız nəzəri şəkildə öyrədilməsi deyil, onların şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqlarında tətbiq edilməsidir. Bu baxımdan vurğu ayrıca mövzu kimi tədris olunmaqla yanaşı, ifadəli oxu, düzgün tələffüz, şifahi təqdimat və nitq mədəniyyətinin formalaşdırılması prosesində də sistemli şəkildə öyrədilir".

Müsahibimizin sözlərinə görə, bu gün cəmiyyətdə – istər mediada, istər məişətdə, yaxud məktəb mühitində uşaqların, həmçinin bir sıra müəllimlərin, cəmiyyətdə müxtəlif təbəqələrə mənsub olan insanların sözün vurğusunu yerində deməməyinə şahid oluruq: “Bunun səbəbləri araşdırılmalıdır. Təbii ki, tədqiqatla bunlar daha dəqiq sübut oluna bilər, lakin müşahidələrə əsasən də buna bir çox faktorun təsir etdiyini görmək olur. Bunların içərisində onların məruz qaldığı digər dillərin, mütaliənin azlığının, Azərbaycan dilində düzgün nitq nümunələrini az dinləmənin və s. rolu var. Biz məktəbdə, sinifdə şagirdi təmiz Azərbaycan dilinə o qədər çox məruz qoymalıyıq ki, onda bu boşluqlar yaranmasın, əlavə təsirlərdən hər hansı bir qanunauyğunluq yanlış formalaşmasın”.

Şöbə müdiri həmçinin qeyd edib ki, 9-cu və 11-ci siniflərdə şagirdlərə əvvəlki illərdə keçilmiş mövzular yenidən  təkrar etdirilir ki, vurğu da onların içərisindədir.