Cənubi Koreyanın Seconq Universitetinin nümayəndə heyəti ADNSU-da olub
Noyabrın 3-də Cənubi Koreyanın Seconq Universitetinin Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Çunq Hun Linin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, qonaqlarla ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov, eləcə də universitetin digər prorektorları və struktur bölmə rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, magistratura səviyyəsində ikili diplom proqramlarının icrası, eləcə də birgə elmi və tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tərəflər gələcək əməkdaşlıq perspektivlərini dəyərləndiriblər və bu istiqamətdə əməkdaşlığın inkişafına dair konkret hədəflər müəyyən ediblər.
Səfər çərçivəsində Seconq Universitetinin nümayəndələri ADNSU-nun, o cümlədən ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyaları və kompüter otaqları ilə tanış olublar. Onlar universitetin maddi-texniki bazasını, eləcə də təhsil və tədris üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.



