Çilidə Dünya Müəllimləri Sammiti keçiriləcək

6 Avqust, 2025 - 15:57
Çilidə Dünya Müəllimləri Sammiti keçiriləcək
Çilidə Dünya Müəllimləri Sammiti keçiriləcək

UNESCO və Çili hökumətinin birgə təşəbbüsü ilə Dünya Müəllimləri Sammiti keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, UNESCO-nun rəhbərliyi, Çili hökumətinin ev sahibliyi ilə 28–29 avqust 2025-ci il tarixlərində Santyaqoda Dünya Müəllimləri Sammiti təşkil olunacaq. Sammit 27 avqust tarixində keçiriləcək mədəni tədbirlərlə müşayiət olunacaq.

Tədbir SDG4–Education 2030 Ali Səviyyəli İdarəetmə Komitəsinin iclası ilə birgə keçiriləcək və müəllimlik peşəsinin dəyərinin artırılması, maliyyələşdirilməsi və transformasiyası istiqamətində ümumi öhdəliyin formalaşdırılması məqsədi daşıyır.

Sammitdə müəllim çatışmazlığı kimi qlobal problem müzakirə ediləcək, müəllimlər üçün davamlı dəstəyin göstərilməsinin və bu peşənin qiymətləndirilməsinin vacibliyi vurğulanacaq.

Bu birgə təşəbbüs BMT-nin Baş katibinin müəllimlik peşəsinin inkişafı ilə bağlı yaratdığı yüksək səviyyəli qrupun irəli sürdüyü fikirlər və UNESCO-nun Müəllimlər üzrə İşçi Qrupunun 2024-cü il Qlobal Müəllimlər Hesabatında qaldırdığı məsələlər fonunda xüsusi əhəmiyyət kəsb edir. Hər iki sənəd dünya miqyasında müəllimlərlə bağlı problemlərin həlli üçün koordinasiyalı tədbirlərin zəruriliyini önə plana çəkir.