COP29 çərçivəsində “İqlim dəyişikliyi" müsabiqəsinin final mərhələsi keçiriləcək

11 Noyabr, 2024 - 18:36

Noyabrın 18-də COP29 çərçivəsində Sumqayıt Dövlət Universitetinin (SDU) dəstəyi ilə Oksford Universitetinin “Saïd” Biznes Məktəbi, eləcə də "Burjeel” holdinqi tərəfindən “İqlim dəyişikliyi" müsabiqəsinin final mərhələsi təşkil olunacaq.

Müsabiqənin final mərhələsində şagirdlərdən ibarət 5 komanda və 5 müəllim iştirak edəcək. Bu mərhələdə iştirakçıların təqdimatları münsiflər tərəfindən qiymətləndiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi isə mavi zonada, Azərbaycan Milli Pavilyonunda təşkil olunacaq.

Qeyd edək ki, “İqlim dəyişikliyi" müsabiqəsinə 135-i Azərbaycandan olmaqla 58 ölkədən 1 000-dən çox müraciət daxil olub.

Bununla yanaşı, noyabrın 18-də SDU ilə Oksford Universitetinin “Saïd” Biznes Məktəbi “İqlim fəaliyyətində gənclərin liderliyi: təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması” panel müzakirəsini təşkil edəcək. Panel iştirakçıları dəyişikliklərə təkan vermək üçün gənclərin səlahiyyətlərinin artırılması ilə bağlı fikirlərini bölüşəcəklər. Paneldə həmçinin iqlim fəaliyyətləri ilə təhsilin inteqrasiyasına dair uğur hekayələri, çətinliklər və strategiyalar müzakirə olunacaq.