Prezidentin nümayəndəsi: Dövlət gənclərin beynəlxalq iqlim proseslərində iştirakını dəstəkləyir

8 Sentyabr, 2026 - 15:39
Prezidentin nümayəndəsi: Dövlət gənclərin beynəlxalq iqlim proseslərində iştirakını dəstəkləyir

İqlim fəaliyyəti artıq gələcəyin bacarıqlarını, peşələrini və imkanlarını dəyişir.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev söyləyib.

"Biz təhsilin gənclərə ehtiyac duyduqları bilik və praktiki bacarıqları qazandırmasını, eyni zamanda, onları elm, texnologiya, innovasiya və real həll yolları ilə daha sıx bağlamasını təmin etməliyik. Gənclər, həmçinin təmiz enerji, mühəndislik, maliyyə, kənd təsərrüfatı və digər sektorlarda yaranan yeni iş yerlərinə və imkanlara çıxış əldə edə bilməlidirlər", - deyə Muxtar Babayev bildirib.

O, Azərbaycanın gənclərin beynəlxalq iqlim proseslərində iştirakını dəstəklədiyini, təhsil, bacarıqlar və potensialın artırılması məsələlərinə diqqəti gücləndirdiyini qeyd edib. Muxtar Babayev, həmçinin uşaq və gənclərin baxışlarının iqlim fəaliyyətində daha yaxşı əks olunmasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarla birgə çalışdıqlarını diqqətə çatdırıb.