COP29-un media koordinatoru yaradılan şərait haqda danışıb

21 Noyabr, 2024 - 13:47

“Biz Bakıda yüksək standartlı, keyfiyyətli media qurğuları və xidmətləri ilə təchiz olunmuşuq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu COP29-un media koordinatoru Aleksandr Sayer jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Olimpia Stadionunda yazılı mətbuat üçün təxminən 300 yerlik sahə var: “Beynəlxalq media üçün 60-a yaxın otaq ayrılıb. Eyni zamanda, beynəlxalq jurnalistlər üçün COP29-da materialların hazırlanması, çəkilişlərin aparılması üçün böyük sahəmiz mövcuddur”.

Media koordinatoru əlavə edib ki, əlçatanlığın təmin edilməsi Azərbaycan tərəfi üçün də çox vacib məsələdir: “Hər şey müzakirə olunaraq, planlaşdırılaraq yüksək səviyyədə təşkil edilib. Təkcə media mərkəzi deyil, bütün məkanda hər şey yaxşı hazırlanıb. Biz həm də media əməliyyatlarını qiymətləndiririk”.

Onun sözlərinə görə, COP29-dakı iş bitdikdən sonra da qiymətləndirmə davam edəcək: “Amma indidən deyə bilərəm ki, media mərkəzinin imkanları və Azərbaycanın göstərdiyi xidmətlər, yaratdığı şərait əladır”.