COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib

9 Oktyabr, 2024 - 21:30

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransı çərçivəsində fəaliyyət göstərəcək Yaşıl Zona üzrə media akkreditasiya portalını istifadəyə verib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Bu ilin 11-22 noyabr tarixlərində ölkəmizdə keçiriləcək COP29 iqlim konfransı çərçivəsində COP29 Sədrliyinin təşkilatçılığı və rəhbərliyi ilə iqlim dəyişikliklərinə qarşı mübarizə üçün innovativ və potensial həllərin mərkəzi olacaq Yaşıl Zonaya media nümayəndələrinin akkreditasiya prosesi açıq elan edilib. 

Akkreditasiya prosesi yeganə rəsmi mənbə olan akkreditasiya portalı vasitəsilə oktyabrın 9-dan etibarən fəaliyyət göstərir, son qeydiyyat tarixi isə oktyabrın 30-u saat 23:00 (GMT+4) olaraq təyin edilib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası tərəfindən idarə olunan və rəsmi görüşlərin keçirildiyi Mavi Zona ilə yanaşı, Yaşıl Zona geniş iştirakçı kütləsini - dövlət və özəl sektor nümayəndələrini, alimləri, gəncləri, yerli icmaları, QHT-ləri, vətəndaş cəmiyyətini və Mavi Zona nümayəndələrini bir araya gətirir. Yaşıl Zona iqlim konfransının işıqlandırılması üçün media nümayəndələrinə geniş imkanlar təqdim edir. Akkreditasiyadan keçmiş jurnalistlər, iqlim fəaliyyəti ilə məşğul olan qurumlar, şirkətlər və şəxslərlə birbaşa əlaqə quraraq müxtəlif tədbirlərdə iştirak edib eksklüziv məzmun yaratmaq imkanı əldə edəcəklər.

Akkreditasiyadan keçmiş media nümayəndələri Yaşıl Zonada media işlərinin daha sürətli və səmərəli aparılması üçün yaradılan Media Mərkəzi və digər texniki imkanlardan istifadə imkanı qazanacaqlar.

Qeyd edək ki, media akkreditasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən tanınan ölkələrdə media təşkilatı kimi qeydiyyatdan keçmiş rəsmi və etibarlı media qurumunu təmsil edən media nümayəndələri üçün nəzərdə tutulub. Yerli media nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin reyestrində qeydiyyatda olmalıdırlar.

COP29 Yaşıl Zona üzrə media akkreditasiyası prosesi ilə bağlı tələblər və digər ətraflı məlumatın əldə edilməsi üçün COP29 rəsmi veb-saytında mövcud müvafiq bölməyə keçid edilə bilər. Akkreditasiya müraciətləri ilə bağlı əlavə dəstək və ya sorğularla bağlı mediaaccreditation@cop29.az elektron ünvanı vasitəsilə əlaqə saxlanılması xahiş olunur.