"Rəqəmsal kriminalistika xüsusilə maraqlı oldu" - Gələcəyini kibertəhlükəsizlikdə görənlər bir arada
Mingəçevir şəhərində 6–11 iyul tarixlərində keçirilən V “Cyber Summer School 2026” Kiber Yay Düşərgəsi başa çatıb. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Mingəçevir Dövlət Universitetinin əsas tərəfdaşlığı ilə həyata keçirilən layihə ölkənin 60 regionundan 100-dən artıq şagird və tələbəni bir araya gətirib. Bu il düşərgəyə qatılan şagirdlərin bir çoxu robototexnika, proqramlaşdırma, mühəndislik, təqdimat müsabiqələri və respublika olimpiadalarında qazandıqları uğurlarla seçilirdi. Onların ortaq cəhəti isə texnologiyanı yalnız yaratmaq deyil, onu qorumağın da vacibliyini dərk etmələri idi.
Altı gün ərzində iştirakçılar Azərbaycan dilində tədris aparılan “Blue Team” və ingilis dilində fəaliyyət göstərən “Red Team” qruplarında kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə biliklərini artırıblar. Şəbəkə və veb tətbiqlərin təhlükəsizliyi, kibertəhlükəsizlik məqsədli skriptlərin yazılması, əməliyyat sistemləri və virtuallaşdırma, risklərin və zəifliklərin idarə edilməsi, tətbiqi kriptoqrafiya, rəqəmsal kriminalistika, təhdid ovçuluğu, kiberinsidentlərə cavab, zərərli proqramların təhlili və tərs mühəndislik proqramın əsas mövzuları sırasında olub.
Düşərgə çərçivəsində praktiki laboratoriya məşğələləri, interaktiv viktorinalar, komanda tapşırıqları və “Capture The Flag” – CTF kibertəhlükəsizlik yarışı da keçirilib.
Bağlanış mərasimində CTF yarışında ilk üç yeri tutan komandalar mükafatlandırılıb, təlimlərdə yüksək nəticə göstərən iştirakçılara əlavə təhsil imkanları təqdim olunub.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva bildirib ki, rəqəmsal bacarıqların inkişaf etdirilməsi və kibertəhlükəsizlik sahəsində məsuliyyətli gənc kadrların hazırlanması dövlət gənclər siyasətinin əsas istiqamətlərindəndir. Onun sözlərinə görə, bu cür təşəbbüslər region gənclərinin peşəkar mütəxəssislərlə birbaşa ünsiyyət qurmasına, nəzəri biliklərini praktikada sınamasına və gələcək karyera istiqamətlərini daha düzgün müəyyənləşdirməsinə imkan yaradır.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabbarov isə qeyd edib ki, əsas hədəf kibertəhlükəsizlik sahəsində potensialı olan gəncləri aşkara çıxarmaq, onları real tapşırıqlar və komanda fəaliyyəti vasitəsilə inkişaf etdirmək, gələcək təhsil və karyera yollarına hazırlamaqdır.
Robototexnika yarışlarının qalibləri, STEAM layihələrinin müəllifləri və müxtəlif müsabiqələrdə fərqlənən məktəblilər Mingəçevirdə kibertəhlükəsizlik sahəsinə daha yaxından bələd olublar. Gələcəyini rəqəmsal təhlükəsizlik, proqramlaşdırma və texnologiya sahələrində görən bu gənclər üçün yay düşərgəsi yeni biliklər, praktiki bacarıqlar və peşəkar istiqamət baxımından mühüm mərhələ olub.
Kiber Yay Düşərgəsinin iştirakçıları“Azərbaycan müəllimi”ilə təəssüratlarını bölüşüblər.
Bu sahədə inkişaf etmək üçün diqqət, səbir, analitik düşüncə və davamlı öyrənmək əsas şərtdir
Mingəçevir şəhər Texniki Humanitar Liseyinin XI sinif şagirdi Ayxan Quliyev robototexnika və proqramlaşdırma sahəsində uğurları ilə seçilir. CTF kibertəhlükəsizlik yarışında komandası ilə birlikdə III yeri qazanıb. O, bu nəticəni komanda üzvlərinin düzgün iş bölgüsü aparması və tapşırıqların həlli zamanı bir-birinə dəstək göstərməsi ilə əlaqələndirir. Ayxan əvvəlki illərdə “Born to Win” komandası ilə SAF-2022-də qalib olub, SAF-2023-də “Ən yaxşı dizayn” mükafatı qazanıb, “VEX Robotics” üzrə Azərbaycan çempionatında I, “Yaşıl SAF 2024”də isə II yerə layiq görülüb. Ayxan həmin komandanın robotlarının proqramlaşdırılması prosesində yaxından iştirak edib.
Ayxan bildirir ki, təhlükəsiz proqram təminatının hazırlanması həyat dövrü – SSDLC mövzusu onun proqramlaşdırmaya yanaşmasını dəyişib:
“Əvvəllər proqram yazarkən əsas diqqətimi kodun düzgün işləməsinə və tapşırığı yerinə yetirməsinə yönəldirdim. İndi isə anlayıram ki, təhlükəsizlik proqram hazır olduqdan sonra əlavə edilən bir xüsusiyyət deyil. O, kodun yazılmasına başlanılan ilk mərhələdən nəzərə alınmalıdır. Bundan sonra proqram hazırlayarkən mümkün zəiflikləri, istifadəçi məlumatlarının necə qorunacağını və kənar müdaxilənin qarşısının necə alınacağını da düşünəcəyəm”.
Ayxan üçün zərərli proqramların təhlili və tərs mühəndislik mövzuları da maraqlı olub: “Hazır proqramın necə işlədiyini araşdırmaq, onun davranışını izləmək və şübhəli əməliyyatları müəyyənləşdirmək mənim üçün yeni təcrübə idi. Bu istiqamət proqramlaşdırma biliyimə müdafiə baxışı qazandırdı”.
Bərdə şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Kənan Əlizadə əzmkarlığı ilə seçilən iştirakçılardandır. O, əvvəlki il uğur qazana bilmədiyi “Ən yaxşı təqdimat” müsabiqəsinə yenidən hazırlaşaraq 2026-cı ildə respublika mərhələsində III yerə layiq görülüb. Kənan gələcəkdə kibertəhlükəsizlik mütəxəssisi olmaq və Azərbaycanı beynəlxalq layihələrdə təmsil etmək istəyir.
Kənan bildirir ki, kibertəhlükəsizlik sahəsinə marağı əvvəl də olub, lakin bu istiqamətin nə qədər geniş və məsuliyyətli olduğunu daha dərindən anlamağa başlayıb:“Şəbəkələrin necə işlədiyini, veb tətbiqlərdə təhlükəsizlik boşluqlarının hansı risklər yarada biləcəyini öyrəndikcə bu sahəyə marağım daha da artdı. Rəqəmsal kriminalistika və kiberinsidentlərə cavab mövzuları mənim üçün xüsusilə maraqlı oldu.Artıq başa düşürəm ki, kiberhücum zamanı yalnız problemi aradan qaldırmaq deyil, onun haradan və necə başladığını müəyyənləşdirmək də vacibdir. Bu sahədə inkişaf etmək üçün diqqət, səbir, analitik düşüncə və davamlı öyrənmək əsas şərtdir”.
Kənan gələcək hədəflərindən danışarkən proqramlaşdırma, şəbəkə texnologiyaları və ingilis dili biliklərini paralel şəkildə gücləndirmək istədiyini deyir.
Mingəçevir şəhər Texniki Humanitar Liseyinin XI sinif şagirdi Yusif Hüseynzadə robototexnika sahəsində bir sıra yarışlarda iştirak edib. Öz komandası ilə birgə SAF-2022-də qalib olub, SAF-2023-də “Ən yaxşı dizayn” mükafatına layiq görülüb, “VEX Robotics” üzrə Azərbaycan çempionatında I, “Yaşıl SAF 2024” festivalında isə II yeri tutub. Həmin yarışlarda robotun idarə olunması Yusifə həvalə edilib, o, dizayn və kodlaşdırma işlərində də iştirak edib.
Yusif gələcəyini kibertəhlükəsizlik sahəsində görür və bu istiqamətdə ali təhsil almağı planlaşdırır. Onun fikrincə, robototexnika təcrübəsi kibertəhlükəsizlik düşüncəsi ilə tamamlanmalıdır: “Robototexnika yarışlarında əsas məqsədimiz robotun tapşırığı düzgün və sürətli yerinə yetirməsi idi. İndi isə daha yaxşı anlayıram ki, sistemin işləməsi kifayət deyil, onun təhlükəsiz işləməsi də təmin olunmalıdır. Əməliyyat sistemləri, virtuallaşdırma və risklərin idarə edilməsi mövzuları mənə göstərdi ki, ən kiçik boşluq vaxtında aşkarlanmasa, sonradan böyük problem yarada bilər. Bundan sonra hazırladığım texnoloji həllərə yalnız funksionallıq baxımından deyil, təhlükəsizlik baxımından da yanaşacağam”.
Yusifin sözlərinə görə, kibertəhlükəsizlikdə uğurlu nəticə fərdi biliklə yanaşı, komanda daxilində düzgün əlaqə və iş bölgüsündən də asılıdır.
“Hadisəyə ayrı-ayrı mövzular kimi deyil, bütöv proses kimi baxmağı öyrəndik
Göyçay rayonundan qatılan Xədicə Hacıyeva üçün kibertəhlükəsizlik əvvəl daha çox parolların və şəxsi məlumatların qorunması ilə assosiasiya olunurdu. O, bu sahənin əslində daha geniş anlayışları əhatə etdiyini bildirir: “Əvvəllər kibertəhlükəsizliyi daha çox fərdi məlumatların qorunması kimi düşünürdüm. İndi isə başa düşürəm ki, proses bundan xeyli genişdir. Əvvəlcə sistemdəki zəiflik aşkarlanır, sonra onun risk səviyyəsi qiymətləndirilir, hücum baş verərsə insidentə cavab verilir, sonda isə rəqəmsal izlər araşdırılır. Rəqəmsal kriminalistika, tətbiqi kriptoqrafiya və zərərli proqramların təhlili mənim üçün yeni və maraqlı istiqamətlər oldu”.
Xədicə hesab edir ki, kibertəhlükəsizlik sahəsində uğurlu olmaq üçün yalnız texniki bilik deyil, həm də araşdırma aparmaq, ehtimalları müqayisə etmək və qərarı əsaslandırmaq bacarığı vacibdir:
“Bəzən ilk düşündüyümüz cavab düzgün olmur. Belə hallarda tələsməmək, detallara diqqətlə yanaşmaq və müxtəlif ehtimalları nəzərdən keçirmək lazımdır. Bu yanaşma mənə gələcəkdə də faydalı olacaq”.
Qubadlı rayonundan qatılan Yusif Mirzəbəyli robototexnika sahəsində uğurlu nəticələri ilə fərqlənir. O, “Farad-Dinoco” komandasının tərkibində Dünya Robot Çempionatının Azərbaycan üzrə seçmə mərhələsində “RoboSoccer Senior” kateqoriyası üzrə I yerə layiq görülüb. Robot futbolu çevik qərarvermə, proqramlaşdırma, sensorların idarə olunması və komanda koordinasiyası tələb edir. Bu il keçirilən qəbul imtahanlarında 605 bal toplayan Yusif təhsilini kibertəhlükəsizlik ixtisası üzrə xaricdə davam etdirmək istəyir.
Yusif hesab edir ki, robototexnika ilə kibertəhlükəsizlik arasında düşüncə baxımından mühüm oxşarlıqlar var:
“Robot futbolunda meydandakı vəziyyətə uyğun olaraq tez qərar vermək lazımdır. Kibertəhlükəsizlikdə də sistemdə baş verən dəyişiklikləri vaxtında görmək çox önəmlidir. Təhlükəsizlik əməliyyatları və təhdid ovçuluğu mövzuları mənə göstərdi ki, sistemdəki qeyri-adi davranış potensial təhlükənin ilkin əlaməti ola bilər. Belə halda məlumatları toplamaq, davranışı müqayisə etmək və hadisənin mənbəyini müəyyənləşdirmək lazımdır”.
Göygöl rayon Texniki və təbiət fənləri təmayüllü liseyin şagirdi İnci Məmmədova SAF-2025 festivalının “NextGen Creators” kateqoriyasında qızıl medal qazanan “Sun Rise” komandasının əsas üzvlərindən biri olub. İnci həmçinin Göygöl üzrə Uşaq Səfirlər Məclisinin nümayəndəsi kimi şagirdlərin STEAM fəaliyyətinə cəlb olunması istiqamətində təşəbbüslər həyata keçirir.
İnci bizimlə söhbəti zamanı qeyd edir ki, kibertəhlükəsizlik ona dayanıqlılıq anlayışına fərqli baxış qazandırıb: “SAF layihəsində körpünün fiziki cəhətdən möhkəm və yükə davamlı olması üzərində çalışmışdıq. İndi isə başa düşürəm ki, müasir mühəndislik məhsulu yalnız fiziki cəhətdən dayanıqlı olmamalıdır. Həmin məhsulun istifadə etdiyi proqramlar, topladığı məlumatlar və qoşulduğu şəbəkə də qorunmalıdır. Risklərin idarə edilməsi və təhlükəsizlik zəifliklərinin aşkarlanması texnoloji məhsula daha geniş baxmağı öyrədir”.
İnci hesab edir ki, təhlükəsizlik layihələndirmə mərhələsindən düşünülməlidir:“Problemi məhsul hazır olduqdan sonra aradan qaldırmaq daha çətin ola bilər. Buna görə də gələcək STEAM layihələrimdə təhlükəsizlik məsələsinə əvvəlcədən diqqət yetirmək istəyirəm”.
Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin şagirdi Əhməd Osmanlı 13–14 iyun 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən “RobotChallenge Azerbaijan 2026” yarışında II yerə layiq görülüb.
Əhmədin sözlərinə görə, innovativ layihələrin uğuru yalnız ideyanın maraqlı olması ilə ölçülmür: “Robot olimpiadalarında əsas məqsədimiz müəyyən problemə innovativ həll hazırlamaq idi. Amma indi daha yaxşı anlayıram ki, yaxşı ideyanın olması kifayət deyil. Hazırladığımız sistem istifadəçi məlumatlarını qorumağı, kənar müdaxiləyə qarşı dayanıqlı olmağı və mümkün təhlükələrə cavab verməyi də bacarmalıdır”.
Tətbiqi kriptoqrafiya, zərərli proqramların təhlili və tərs mühəndislik Əhməd üçün ən maraqlı istiqamətlərdən olub: “Kriptoqrafiya məlumatın qorunması baxımından çox önəmli sahədir. Zərərli proqramların təhlili isə mənə göstərdi ki, proqramın yalnız görünən tərəfinə baxmaq kifayət deyil, onun arxa planda hansı əməliyyatları yerinə yetirdiyini də anlamaq lazımdır. Bundan sonra hazırladığım layihələrdə təhlükəsizlik ayrıca bölmə deyil, layihənin əsas hissələrindən biri olacaq”.
Uğurlarla gəldilər, yeni hədəflərlə ayrıldılar
Yeniyetmə və gənclərlə söhbətlərdən də aydın oldu ki, V “Cyber Summer School 2026” iştirakçıları kibertəhlükəsizlik sahəsində yalnız texniki biliklərini artırmayıblar. Onlar mürəkkəb problemi kiçik mərhələlərə bölməyi, məlumatları təhlil etməyi, vaxtı düzgün idarə etməyi, komanda daxilində vəzifələri bölüşdürməyi və qərarlarını əsaslandırmağı da öyrəniblər.
“Red Team” və “Blue Team” yanaşmaları iştirakçılara kiberhadisəyə fərqli tərəflərdən baxmaq imkanı verdi. Onlar bir tərəfdən sistemlərdəki mümkün zəifliklərin necə aşkarlandığını, digər tərəfdən isə həmin sistemlərin necə müdafiə edildiyini gördülər.




