“Danışır təcrübə” layihəsinin XI görüşünün qonağı Məleykə Abbaszadə olub
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsinin XI görüşü baş tutub.
"Azərbaycan müəllimi" xəbər verir ki, budəfəki görüşün qonağı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə olub.
Görüş çərçivəsində Məleykə Abbaszadə “İnsan potensialının qiymətləndirilməsi və dəyişikliklərə adaptasiya” mövzusunda çıxış edib.
Məleykə Abbaszadə müasir dövrdə insan potensialının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində tətbiq olunan yanaşmalar, istedadın aşkarlanması mexanizmləri, eləcə də qiymətləndirmə sistemlərinin cəmiyyətin dəyişən tələblərinə uyğunlaşdırılması məsələlərinə toxunub. Görüş zamanı süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə qiymətləndirmənin gələcəyi, insan faktorunun əhəmiyyəti və texnologiyalarla insan təfəkkürü arasında balansın qorunması məsələləri də müzakirə olunub.
Məleykə Abbaszadə həmçinin qiymətləndirmə sistemlərinin gələcək inkişaf istiqamətləri, beynəlxalq təcrübədə tətbiq olunan innovativ yanaşmalar və qlobal tendensiyalar barədə fikirlərini iştirakçılarla bölüşüb.
Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Danışır təcrübə” layihəsi Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir.
Layihə çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafının təmin edilməsinə, liderlik və idarəetmə bacarıqlarının artırılmasına, eləcə də müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılmasına xidmət edir.




