Dəftər, qələm, çanta: İstehsal, yoxsa idxal daha sərfəlidir?
Yeni tədris ilinin başlanması ilə məktəbli ləvazimatlarına olan tələbat da əhəmiyyətli dərəcədə artır. Dəftər, qələm, çanta, rəngli karandaş, albom və digər məhsulların satış bazarına göz yetirdikdə ilk baxışdan burada idxalın payının üstün olduğunu göstərir. Belə olan halda isə sual yaranır: məktəbli ləvazimatlarının ölkə daxilində istehsal edilməsi daha sərfəli qiymətə olan məhsulun onların bazara çıxmasına imkan verməzdimi?
“Ucuz və qazanclı iş olsaydı, sahibkarlar məktəbli ləvazimatları istehsal edərdi”
İqtisadçı Xalid Kərimlinin “Azərbaycan müəllimi”nə verdiyi məlumata görə, vətəndaşda yanlış təsəvvür olmamalıdır ki, yerli istehsal daha ucuz başa gələr: “Məsələ ondan ibarətdir ki, xüsusilə kiçik bazarlarda, xammal, insan resursları texnoloji cəhətdən üstünlüyü olmayan ölkələrdə bütün məhsul növləri üzrə yerli istehsalın təşkili mümkün deyil.
Mütəxəssis qeyd edib ki, Çin, Türkiyə kimi böyük bazarları olan ölkələrdə kütləvi idxal zamanı miqyas effekti yaradır:
“Yəni Çin hansısa məhsulu istehsal edəndə 500 milyon, bir milyard üçün istehsal edir. O zaman məhsulun maya dəyəri həddindən artıq aşağı olur. Azərbaycan məktəb ləvazimatlarını istehsal etdikdə isə qiymətlər baha olar. Çünki materiallar xaricdən gəlir, resurslarımız məhduddur. Bu baxımdan yerli istehsalın ucuz olacağı yanlış təsəvvürdür. Əgər ucuz və qazanclı iş olsaydı, sahibkarlar avadanlıq, xammal materialı alıb məktəbli ləvazimatları istehsal edərdi. Zatən onlar araşdırma aparırlar. Görürlər ki, Çindən 1.5-2 manata başa gələn məhsulun istehsalı burada 10 manata başa gəlir. Ona görə də istehsal etmirlər".
X.Kərimli vurğulayıb ki, məhsulun maya dəyərinin formalaşmasına idxal qiymətləri, logistika, gömrük xərcləri, idxalçının mənfəəti, topdan və pərakəndə satışda mənfəət marjası birbaşa qiymətlərə təsir göstərir:
"Qiymətlərin dəyişməsinə həm də valyuta məzənnəsi təsir edir. Dollar “oynadıqda” manatın da məzənnəsi “oynayır”. İdxal ucuzdursa, idxal, istehsal ucuzdursa, istehsal etməliyik. Buna da yerli sahibkarlar qərar verməlidirlər".
Niyə müxtəlif ölçülü dəftərlər istehsal olunur?
Ölkəmizdə məktəbli ləvazimatlarının satışı və istehsalı ilə məşğul olan “Ofisait” mağazalar şəbəkəsindən bildirilib ki, bazara çıxardıqları malların əksəriyyəti xaricdən gətirilsə də, burada istehsal edilənləri də var:
“Məsələn, dəftərlər burada istehsal edilir. İstehsalda istifadə edilən xammal isə bir neçə fərqli ölkədən idxal edilir. Məhsullarımızın qiymətləri bazara uyğun formalaşır və hesab edirik ki, hazırda ötən illərlə müqayisədə daha ucuzdur. Xüsusilə dəftərlərin istehsal xərci və satış qiymətləri arasında demək olar ki, fərq yoxdur”.
Dəftərlərin standart ölçüsünün olmamasına gəldikdə, bildirilib ki, bunun səbəbi istehlakçı tələbidir:
“Bu sahədə istəyə görə A5 yaxud B5 ölçüdə, müxtəlif vərəq sayında dəftərlər istehsal edilir. Ümumiyyətlə, məktəbli dəftərlərinin xüsusi ölçüsü olmur. Sadəcə olaraq ibtidai və yuxarı siniflərin dəftərləri fərqlənir. Bu da səhifə sayında nəzərə çarpır”.




