Deputat: Yarışlar şagirdlərin idman bacarıqlarını üzə çıxarır

19 İyun, 2026 - 15:44
Deputat: Yarışlar şagirdlərin idman bacarıqlarını üzə çıxarır

Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək.

İştirakçılar ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanında yarışacaqlar. Ümumilikdə ölkəmizin 59 rayon və şəhərini 2000-dən çox məktəbli təmsil edəcək. Olimpiadada iştirak edəcək məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi iyunun 20-də Bakı Kristal Zalında keçiriləcək. Yarışlar 21-26 iyun tarixlərini əhatə edəcək.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisinin Gənclər və idman komitəsinin üzvü Asif Əsgərov bildirib ki, bu yarışların keçirilməsi çox gözəldir:

“Bu yarışların keçirilməsini təşkil etdikləri üçün Elm və Təhsil Nazirliyinə və Gənclər və İdman Nazirliyinə öz təşəkkürümü bildirirəm. Ölkəmizdə keçirilən bütün idman tədbirləri bu sahənin inkişafına böyük təsir göstərir. İdmançılarımız nə qədər çox yarış görsələr, bu, onların gələcək karyeralarına təsir edəcək. Eyni zamanda bu, məşqçilər üçün də müsbətdir. İdmançıların yarışlara çıxarılması, buna qədər onların hazırlanması vacib şərtdir. Ona görə də idman yarışları, əlbəttə ki, gözəl seçimdir. Məktəblilərin Respublika İdman Olimpiadası, digər idman yarışları məqsədli şəkildə keçirilir. Yeniyetmələr burada hələ o yaşlardan hazırlıqlı olduqlarını göstərirlər. Həmçinin bu yarışlarda idmançılar hansı çatışmazlıqları olduğunu bilərək gələcəkdə üzərlərində işləyə biləcəklər”.

Deputat qeyd edib ki, idmançıların nailiyyətləri əvvəlcə valideynlərini, daha sonra məşqçilərini sevindirir:

“Valideynlər fəxr edirlər ki, övladı yarışlarda iştirak edir, titul əldə edir. Ona görə də Məktəblilərin Respublika İdman Olimpiadası çox yaxşıdır. Bu yarışlar şagirdlərin idman sahəsindəki bacarıqlarını üzə çıxarmaqla yanaşı, həm də digərləri üçün stimuldur. Digər gənclərimiz, yeniyetmələrimiz də bu yarışlara baxaraq özlərinə nəticə çıxararaq həvəslənəcəklər. Bu, böyük idmanın ilkin başlanğıcıdır”.