Dərsliklərlə bağlı ictimai dinləmələrin keçirilməsi təklif edilib

22 Yanvar, 2026 - 10:23
Dərsliklərlə bağlı ictimai dinləmələrin keçirilməsi təklif edilib

Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmələrin təşkil olunması təklif edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, belə təkliflə parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Elnarə Akimova çıxış edib.

Deputat deyib ki, xüsusilə ana dili ilə bağlı Prezident İlham Əliyevin çağırışları məhz bu məsələyə yenidən nəzər yetirməyi zərurətə çevirir:

"Təklif edirəm ki, 2026-cı il üçün Milli Məclisin Elm və təhsil komitəsinin təşəbbüsü ilə dərsliklərlə bağlı ictimai dinləmələr təşkil olunsun. İctimai dinləmələrə biz fənn müəllimlərini, təhsil ekspertlərini, pedaqoji universitetlərin alimlərini cəlb etməliyik. Çünki bu dinləmələrin əsas məqsədi dərsliklərin dilinin anlaşıqlığını, yaş səviyyəsinə uyğunluğunu, fakt və termin səhvlərini, məntiqi ardıcıllığı və yüklənmə dərəcəsini obyektiv şəkildə müzakirə etməkdir və bu işdə kolleqiallıq tələb olunur. İctimai dinləmələrin nəticələri üzrə də rəsmi rəy sənədi hazırlanaraq Elm və Təhsil Nazirliyinə göndərilsin".