DİM sədri: Plan yerlərinin ötənilki səviyyədə olacağı gözlənilir

6 May, 2026 - 14:59
DİM sədri: Plan yerlərinin ötənilki səviyyədə olacağı gözlənilir

“Keçid ballarının necə formalaşması abituriyentləri ən çox maraqlandıran məsələlərdəndir. Müsabiqədə iştirak edə bilmək üçün müəyyən bal toplamaq lazımdır və bu prosesin birinci mərhələsində əldə olunan nəticələr əsas rol oynayır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində səsləndirib.

O qeyd edib ki, abituriyent birinci mərhələdə toplanılan müsabiqəyə daxil olur: “Məsələn, beşinci ixtisas qrupuna bu ballarla müraciət edib, daha sonra qabiliyyət imtahanı verərək müsabiqəyə buraxılırsınız. İkinci mərhələdə isə ən azı 100 bal toplamaq tələb olunur. Buraxılış imtahanında toplanan ballar ikinci mərhələdə əldə olunan nəticələrlə cəmlənir”, – deyə o bildirib.

M.Abbaszadə vurğulayıb ki, müsabiqəyə buraxılmaq üçün müxtəlif şərtlər mövcuddur: “150, 200, 250 ballıq ixtisaslar var. Bu, artıq hamıya məlumdur. Keçid balı dedikdə isə əsas məsələ müsabiqəyə buraxılma şərtidir”.

Onun sözlərinə görə, müsabiqəyə buraxıldıqdan sonra hər ixtisas qrupu üzrə ərizə verənlərin sayı müəyyənləşdirilir və neçə nəfərin müsabiqəyə qatılacağı məlum olur: “Plan yerləri hələ tam dəqiqləşməsə də, təxminən ötən ilin səviyyəsində olacağı gözlənilir. Keçən il təxminən 60 minə yaxın plan yeri ayrılmışdı. Onlardan 28 mini dövlət sifarişli yerlər idi. Bu isə o deməkdir ki, həmin yerlərdə təhsil alanların ödənişi dövlət tərəfindən qarşılanır”.

O əlavə edib ki, bu rəqəmlər ildən-ilə artır və hazırda təqdim olunan yerlərin təxminən 50 faizi dövlət sifarişlidir.

DİM sədri qeyd edib ki, keçid balları birbaşa plan yerlərinin sayından asılıdır: “Məsələn, ötən il hər hansı ixtisas üzrə 100 yer ayrılıbsa, bu il həmin ixtisas üzrə 1000 yer ayrılarsa, təbii ki, keçid balı aşağı düşəcək”.