DİM: Yeni tələb yazı bacarıqlarına daha çox diqqət yetirilməsini zəruri edir

22 May, 2026 - 16:49
DİM: Yeni tələb yazı bacarıqlarına daha çox diqqət yetirilməsini zəruri edir

Regionlarda xarici dil müəllimləri ilə yeni imtahan modeli üzrə görüşlər keçirilib.

Dövlət İmtahan Mərkəzindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, DİM-in Dövlət dili və xarici dillər şöbəsinin müdiri Könül Hacıyeva xarici dil fənləri üzrə qiymətləndirmə sistemində edilən yeniliklər, tətbiq olunan yanaşmalar və ölçmə meyarları barədə geniş məlumat verib.

O həmçinin yeni imtahan modelində nəzərdə tutulan yazı tapşırığı haqqında danışaraq metodiki tövsiyələrini iştirakçılarla bölüşüb. Bildirilib ki, yenilənmiş modelin əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real və kommunikativ mühitdə qiymətləndirməkdir.

Qeyd olunub ki, yeni modelə əsasən 2027-ci ildən etibarən şagirdlərdən minimum 100 sözdən ibarət qısa mətn yazmaları tələb olunacaq. Bu yanaşma onların yazı bacarıqlarının, fikri ardıcıl ifadə etmə qabiliyyətinin və dil vasitələrindən istifadə səviyyəsinin daha obyektiv qiymətləndirilməsinə şərait yaradacaq. Bununla yanaşı vurğulanıb ki, bu dəyişiklik tədris prosesində yazı bacarıqlarının inkişafına daha çox diqqət yetirilməsini zəruri edir.