Diplom kifayət etmir: müasir tələbə universitetdən nə gözləyir?

17 İyun, 2026 - 09:50
Diplom kifayət etmir:

Son illərdə ali təhsil seçimi zamanı abituriyentlərin yanaşması dəyişib. Gənclərin hədəfi artıq yalnız diplom əldə etmək deyil, əmək bazarında rəqabətqabiliyyətli olmağa imkan verən bilik və bacarıqlar qazanmaqdır. Bu isə universitetlər qarşısında yeni tələblər qoyur: tədris proqramlarının müasir dövrün çağırışlarına uyğunlaşdırılması, praktiki biliklərin artırılması və tələbələrin peşəkar inkişafına daha çox diqqət yetirilməsi. 

Bəs Azərbaycan universitetləri bu gözləntiləri nə dərəcədə qarşılayır və tədris prosesində hansı yeniliklərə ehtiyac var?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev bildirib ki, son illərdə abituriyentlər arasında yalnız diplom əldə etmək yox, daha çox əmək bazarında lazım olan bilik və bacarıqlara yiyələnmək meyli artıb:

“Bu, təbii ki, müsbət tendensiyadır. Çünki bugünkü müasir dövrdə uğur təkcə diplomdan asılı deyil. Burada uğur qazanmaq praktiki bacarıqlardan və davamlı öyrənmək qabiliyyətindən də birbaşa asılıdır. . Ümumilikdə bu sahədə hələ də müəyyən çatışmazlıqlar mövcuddur. Lakin Azərbaycan universitetlərin bir qismi bu tələblərə uyğunlaşmağa çalışır, lazımi addımları atır. Bəzi ixtisaslar var ki, orada tədris proqramları əmək bazarının tələblərinə uyğun deyil. Praktiki məşğələlər, eyni zamanda istehsalat təcrübəsi var ki, bunlar kifayət qədər geniş tətbiq olunmur. Biz bir çox ali təhsil müəssisələrində buna şahid oluruq. Bu da öz növbəsində məzunların nəzəri biliklərinin aşağı olmasına gətirib çıxarır. Nəzəri və praktiki biliklərin aşağı olması da nəticə etibarilə əmək bazarında işlə təmin olunmada ciddi əngələ gətirib çıxarır”.

Millət vəkili qeyd edib ki, bu səbəbdən universitetlərdə bir sıra yeniliklərin həyata keçirilməsi çox vacibdir:
“İlk növbədə tədris proqramları müasir əmək bazarının tələblərinə uyğun olaraq mütəmadi sistematik əsaslarla yenilənməlidir. Tələbələrin layihə əsaslı öyrənməyə, tədqiqat fəaliyyətinə və praktiki məşğələlərə daha çox cəlb edilməsi, təbii olaraq daha məqsədəuyğundur. Əmək bazarı ilə universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də müxtəlif xarakterli təcrübə proqramlarının artırılması və mütəxəssislərin dərs prosesinə cəlb olunması da mühüm əhəmiyyət daşıyan addımlardan biridir.

S.Vəliyev vurğulayıb ki, bu gün informasiya texnologiyaları dövrüdür:

“Bu baxımdan əlavə olaraq mütləq rəqəmsal texnologiyalardan, süni intellekt alətlərindən, interaktiv tədris metodlarından daha geniş istifadə olunmalıdır. Xarici dil biliklərinin, ünsiyyət bacarıqlarının, komandada işləmək və problem həll etmək kimi bacarıqların inkişafına da xüsusi diqqət yetirilməlidir. Mən bütövlükdə hesab edirəm ki, artıq bu, əmək bazarının tələbidir. Universitetlərin reytinqi də onun məzununun əmək bazarında işlə təmin olunması ilə birbaşa bağlıdır. Bu baxımdan universitetlərin əsas məqsədi yalnız diplom verməkdən ibarət olmamalıdır. Universitet birinci növbədə öz imicini, reputasiyasını qoruması üçün bilikli, bacarıqlı, dərin təhlil etmək bacarığına malik olan məzunları ilə seçilməlidir. Universitetin də qiyməti məhz buna görə verilməlidir. Bu cür yanaşma nəticə ali təhsilin keyfiyyətinin yüksəlməsinə, eləcə də məzunların gələcək karyelarında daha uğurlu olmalarına ciddi şərait yaratmış olacaq”.