“Dostluğun sehri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Aprelin 9-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Dostluğun sehri” VIII Beynəlxalq Onlayn Uşaq Rəsm Müsabiqəsinin yekun tədbiri keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, yekun tədbir çərçivəsində qalib seçilmiş əsərlərdən ibarət sərgi təşkil olunub və müsabiqə qaliblərinin təltifetmə mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri, eləcə də müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.
Qonaqlar sırasında bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlik və konsulluq nümayəndələri də yer alıb.
Müsabiqə “Sevimli cizgi filmim” mövzusuna həsr olunub. Layihə çərçivəsində Azərbaycanla yanaşı, 11 ölkədən ümumilikdə 348 məktəb, müəssisə və təşkilatı təmsil edən iştirakçılar tərəfindən 2792 rəsm işi təqdim edilib. 6–17 yaş aralığında olan uşaqlar öz işlərində sevdikləri cizgi film qəhrəmanlarını və həmin obrazlarla bağlı düşüncələrini yaradıcı şəkildə əks etdiriblər.
Müsabiqənin əsas məqsədi uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına dəstək olmaq, onların estetik zövqünü formalaşdırmaq, eyni zamanda müxtəlif ölkələrdən olan iştirakçılar arasında dostluq və mədəni əlaqələri gücləndirməkdir.
Sonda qaliblərə medal, diplom və xüsusi kataloqlar təqdim olunub.



