“Məktəbdənkənar təhsilə cəlb olunanların sayı arzuolunan səviyyədə deyil” – Eşqi Bağırov
“Məktəbdənkənar təhsili yalnız 145 müəssisə ilə məhdudlaşdırmaq istəmirik. Daha əvvəl qeyd etdiyim 145 müəssisədə cəmi 100 min uşaq təhsil alır. Halbuki ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin ümumi sayı 1 milyon 600 mindir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda təşkil edilən respublika konfransında çıxışı zamanı deyib.
O bildirib ki, məktəbdənkənar təhsildən və bu sahəyə cəlb olunan uşaqlardan danışanda bu rəqəmlər nəzərə alınmalıdır.
“Başa düşməliyik ki, ölkəmizdə nə qədər uşaq var və onların nə qədərinə bu xidmətləri təqdim edə bilirik. Açıq şəkildə görünür ki, bu, kifayət qədər aşağı göstəricidir”, - deyə o qeyd edib.
Direktor əlavə edib ki, əsas məqsəd ümumi təhsil müəssisələrində də bu prosesə cəlb edilən uşaqların sayını artırmaq və əhatə dairəsini genişləndirmək olmalıdır.
Yalnız məktəbdənkənar təhsil müəssisələrində deyil, ümumi təhsil müəssisələrində də bu imkanları yaratmaq vacibdir.



