Agentlik direktoru: Məktəbdənkənar təhsil 100 min uşağı əhatə edir

12 Fevral, 2025 - 10:48
Agentlik direktoru: Məktəbdənkənar təhsil 100 min uşağı əhatə edir
Agentlik direktoru: Məktəbdənkənar təhsil 100 min uşağı əhatə edir

“Həll etməli olduğumuz əsas məsələlərdən biri normativ-hüquqi bazanın təkmilləşdirilməsi olub. Agentliyin tabeliyində 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir və yüz min uşağı əhatə edir”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda təşkil edilən respublika konfransında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda istifadə etdiyimiz sənədlərin əksəriyyəti 1990-cı illərin əvvəllərində qəbul olunmuş normativ sənədlərdir:

“Hamıya aydındır ki, son 20-30 il ərzində ictimai münasibətlərdə, eləcə də təhsil sahəsində ciddi dəyişikliklər baş verib. Ümumtəhsil və ali təhsil sahəsində kifayət qədər yeni normativ sənədlər qəbul olunsa da, məktəbdənkənar təhsil sahəsində bu istiqamətdə ciddi dəyişikliklər aparılmayıb. Düşünürəm ki, birinci prioritetimiz məhz bu olmalıdır. Bu istiqamətdə tərəfimizdən xeyli sayda sənəd hazırlanıb, həm Elm və Təhsil Nazirliyinə, həm də digər aidiyyəti qurumlara təqdim edilib”.