Dövlət başçısı: Ortaq türk irsinin qorunması istiqamətində həyata keçirilən təşəbbüslər misilsiz əhəmiyyətə malikdir
“Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, ölkələrimiz digər türk təşkilatları çərçivəsində əməkdaşlığa da böyük əhəmiyyət verir. Özbəkistanın 2025-ci ilin may ayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi əhəmiyyətli və dərin məmnunluq doğuran hadisə oldu. Zəngin tarixi irsə, qədim dövlətçilik ənənələrinə və özünəməxsus mədəni dəyərlərə malik Özbəkistanın bu Fonda qoşulması Türk dünyasının ortaq irsinin qorunması və təşviqi sahəsində əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək:
“Beləliklə, ölkələrimizin TDT, həmçinin digər türk təşkilatları çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının daha sıx inteqrasiyasına və beynəlxalq arenada vahid mövqeyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcək”.




