Dövlət İdarəçilik Akademiyası iddialara CAVAB VERDİ

28 Oktyabr, 2026 - 15:09
Dövlət İdarəçilik Akademiyası iddialara

Prezident yanında Dövlət İdarəçilik Akademiyası institusional akkreditasiya qiymətləndirilməsindən keçmədiyi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

"Azərbaycan müəllimi" xəbər verir ki, DİA Mətbuat Xidmətinin məlumatına görə, ölkədə ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı müvafiq səlahiyyətlər qanunvericiliyə uyğun olaraq Elm və Təhsil nazirliyinə həvalə edilib və bu baxımdan, akkreditasiya prosesinin nəticələri və bununla bağlı rəsmi məlumatlar həmin səlahiyyətli dövlət qurumu tərəfindən, hər bir ali təhsil müəssisəsi üzrə akkreditasiya prosesi tam başa çatdıqdan sonra açıqlanır:

"Bununla yanaşı, qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası  2025–2026-cı tədris ilində də fəaliyyətini uğurla davam etdirib.  Cari tədris ilində DİM tərəfindən keçirilən universitetlərə qəbul imtahanlarında bir sıra ixtisaslar üzrə ən yüksək nəticə göstərən abituriyentlərin məhz DİA-nı seçməsi ali məktəbə olan marağın və etimadın göstəricilərindən biridir.

Akademiyanın məzunlarının da göstəriciləri ölkə üzrə ən yüksəklərdəndir. Məzunlarımız cari ildə Dövlət qulluğuna qəbul, “Yüksəliş” müsabiqəsi və  Dövlət Proqramı çərçivəsində xarici universitetlərdə magistraturaya qəbul üzrə universitetlər arasında ilk sıralardadırlar.

Eyni zamanda,  müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan çoxsaylı dövlət qulluqçuları DİA məzunlarıdır.
Akademiyanın elmi fəaliyyətinin göstəricilərindən biri kimi, cari ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə siyasi elmlər üzrə doktorantura pilləsində dissertasiya müdafiəsi üzrə şuranın fəaliyyətinin yenidən DİA-ya həvalə edilməsini də qeyd etmək olar.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Prezident İlham Əliyevin başçılığı altında  aparılan dövlət idarəçiliyi mövzusunda   təlim və tədris fəaliyyətini davam etdirir. Hazırda həm respublikamızın  dövlət qulluqçuları, həm də müxtəlif xarici ölkələrdən olan dövlət qulluqçuları üçün dövlət idarəçiliyinin innovativ istiqamətləri üzrə təlim proqramları həyata keçirilir.

DiA qarşıdakı illərdə bakalavr, magistr və doktorantların təhsili, yüksək ixtisaslı kadrların hazırlanması, dövlət idarəçiliyi sahəsində elmi-pedaqoji fəaliyyətin inkişaf etdirilməsi və Azərbaycan Respublikasının müasir idarəçilik təcrübəsinin öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirəcək", – deyə DİA-nın açıqlamasında qeyd edilib.