Dual təhsilin əhatəsi genişləndirilir: Yeni sənədlər hazırlanacaq

6 Yanvar, 2026 - 16:21
Dual təhsilin əhatəsi genişləndirilir:

Peşə təhsilində dual təhsilin (iş yerində öyrənmə) keyfiyyət təminatı ilə bağlı təkliflər müzakirə olunur.

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin Peşə təhsili sektorunun aparıcı məsləhətçisi Rəbiyyə Museyibzadə “Azərbaycan müəllimi”nə bildirib ki, növbəti illərdə dual təhsil sisteminin normativ-hüquqi bazasının formalaşdırılması, onun peşə təhsili sisteminə səmərəli və davamlı inteqrasiyası məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, tənzimləyici sənədlərin hazırlanması təklif edilir. 

R.Museyibzadə təkliflərin nədən qaynaqlandığını belə əsaslandırıb: “Dual təhsil sistemi bir neçə ildir ki, pilot formada tətbiq olunur. Buna baxmayaraq, bu sistemi tənzimləyən normativ-hüquqi baza hələ formalaşmayıb. Bu modelin gələcəkdə genişmiqyaslı və sistemli şəkildə tətbiqi üçün sözügedən istiqamətdə fəalliyyətlərin həyata keçirilməsi zəruridir”. 

R.Museyibzadənin sözlərinə görə, bu zərurət nəzərə alınaraq təklif edilir ki, dual təhsil “Peşə təhsili haqqında” Qanuna inteqrasiya olunsun: “Dual təhsil sisteminin normativ-hüquqi bazası üzrə bir neçə əsas çərçivə sənədi hazırlanacaq. Həmin sənədlər sırasında peşə təhsili müəssisələrinin və işəgötürənlərin öhdəlikləri, təhsilalanların və təhsilverənlərin əməyinin ödənişi üzrə qaydalar da var. 

Tələbələrin iş yerində təlimi zamanı sənaye nümayəndələrinin (mentorların) məsuliyyətlərini, peşəkar etik prinsipləri və tələbələrlə ünsiyyət qaydalarını əhatə edən, eləcə də təlim zamanı baş verə biləcək etik pozuntuların qarşısını almağa xidmət edən etik davranış kodeksi/qaydaları kimi zəruri sənədləri qeyd edə bilərik”. 

Rəbiyyə Museyibzadə əlavə edib ki, sadalanan çərçivə sənədlərindən əlavə olaraq, dual təhsildə iştirak edən işəgötürənlərin sayının artırılması məqsədilə stimullaşdırıcı tədbirləri nəzərdə tutan mexanizmlərin hazırlanması da müzakirə oluna bilər.
Dual təhsilin keyfiyyətinin davamlı qiymətləndirilməsi və monitorinqini təmin etmək məqsədilə müvafiq ölçmə meyarlarının və göstəricilərinin təkmilləşdirilməsi, işəgötürənlər və təhsil müəssisələri üçün uyğun monitorinq mexanizminin tətbiqi də təkliflər sırasındadır.

R.Museyibzadənin sözlərinə görə, hazırda sözügedən məsələlər müvafiq qurumlarda müzakirə edilir və növbəti illər üçün konseptual təklif xarakteri daşıyır: “Təkliflərin icrası ilə bağlı qərarların qəbul edilməsi üçün ekspert rəylərinin toplanması, beynəlxalq təcrübənin təhlili və normativ-hüquqi bazanın uyğunlaşdırılması üzrə işlər davam etdirilir”.

Mütəxəssis qeyd edib ki, zəruri rəy və təkmilləşdirmələr başa çatdıqdan sonra qəbul edilmiş yanaşmalar və gözlənilən dəyişikliklər barədə daha ətraflı və rəsmi məlumat ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, dual təhsil modeli ölkəmizdə 2020-ci ildən pilot layihə çərçivəsində tətbiq edilir. Bu model peşə təhsilinin ilk peşə hazırlığı səviyyəsində 1 illik, texniki peşə təhsili səviyyəsində isə 1 və 3 illik qruplarda həyata keçirilir. 2024–2025-ci tədris ilində Dual Təhsil Proqramı ölkə üzrə fəaliyyət göstərən 25 peşə təhsili müəssisəsində 30 ixtisas üzrə 1273 tələbəni əhatə edib, həmin dövrdə 110 işəgötürənlə əməkdaşlıq qurulub.

2025–2026-cı tədris ilində isə dual təhsil modelinin əhatə etdiyi müəssisələrin sayı 28-ə, tələbə sayı isə 1777-ə çatıb ki, bu da modelin miqyasının genişləndiyini göstərir.

Modelin tətbiqi mexanizminə əsasən, tələbələr ilk bir ay ərzində peşə təhsili müəssisəsində nəzəri biliklər əldə edir, ikinci aydan etibarən isə təlim prosesinə dual şəkildə davam edirlər: həftənin üç günü peşə təhsili müəssisəsində nəzəri dərslərdə iştirak edir, iki günü isə işəgötürən müəssisələrində praktiki bacarıqları mənimsəyirlər. Bu model tələbələrin əmək bazarının real tələblərinə uyğun şəkildə hazırlanmasına və təcrübə əsaslı biliklərə yiyələnməsinə şərait yaradır.