EATDA-da BANM nümayəndə heyəti ilə görüş keçirilib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində (EATDA) Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə elmi-tədqiqat fəaliyyətinin və beynəlmiləlləşmə göstəricilərinin gücləndirilməsi, qabaqcıl elmmetrik alətlərdən istifadənin genişləndirilməsi, tədris prosesinin təşkili və ali təhsildə digər prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Agentliyin direktoru Ülkər Səttarova ali təhsil müəssisələrinin elmi-tədqiqat potensialının artırılmasının onların beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Rektor Elmar Qasımov isə universitetin qarşıdakı hədəfləri və bu istiqamətdə həyata keçirilən çoxşaxəli fəaliyyətlər barədə məlumat verib.
Görüş çərçivəsində, həmçinin, xarici tələbələrin sayının artırılması, beynəlxalq təhsil qrantları və hökumətlərarası təqaüd proqramları üzrə təhsil alan tələbələrin tədrisinin təşkili, eləcə də universitet-sənaye əməkdaşlığının inkişafı məsələləri müzakirə olunub.



