Elçin Babayev: Qayıdışla bağlı məsələlərin  araşdırılması üçün kadrlar hazırlamalıyıq

3 İyun, 2026 - 10:34
Elçin Babayev: Qayıdışla bağlı məsələlərin  araşdırılması üçün kadrlar hazırlamalıyıq

"Müasir dövrdə hadisələrin gedişi göstərir ki, ədalət yalnız güc vasitəsilə deyil, eyni zamanda hüquqi, diplomatik və digər müstəvilərdə də öz həllini tapa bilər. Azərbaycan da məhz hüquqi və diplomatik müstəvidə göstərdiyi səylərə sadiqliyini nümayiş etdirir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib. 

O bildirib ki, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, alimlər və araşdırmaçılar üçün elmi həqiqətlərin yeni çalarlarla üzə çıxarılması, onların dünyaya olduğu kimi çatdırılması, eyni zamanda müxtəlif aspektlərdən tədqiqatların aparılması prioritet istiqamətlərdir: "Bu məqsədlə Bakı Dövlət Universitetində Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb. Bir neçə istiqamətdə tədqiqatlar aparılır. Çünki bu problemin ətrafında cavablandırılması vacib olan çoxsaylı suallar mövcuddur. Bu qayıdış necə baş tutacaq? Mülkiyyət hüququ, qayıdış hüququ və digər hüquqlar necə təmin olunacaq? Bütün bunların araşdırılması üçün, təbii ki, kadrlar hazırlamalıyıq".

Rektor qeyd edib ki, burada həm tarixi, həm hüquqi, həm sosial-psixoloji, həm ekoloji, həm də coğrafi məsələlər mövcuddur: "Bütün bu məsələlərin vahid kontekstdə araşdırılması ciddi səylər tələb edir. Düşünürəm ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu qayıdış tanklarla deyil, məhz sülh yolu ilə baş tutacaq və bu tarixi həqiqət çox yaxın zamanda öz yerini tapacaq".