Elm və təhsil naziri: Azərbaycanlı uşaqların təhsil ehtiyacları daha detallı araşdırıla bilər

16 Dekabr, 2024 - 15:36
Elm və təhsil naziri: Azərbaycanlı uşaqların təhsil ehtiyacları daha detallı araşdırıla bilər
Elm və təhsil naziri: Azərbaycanlı uşaqların təhsil ehtiyacları daha detallı araşdırıla bilər

“Azərbaycan təhsil sistemində milli xüsusiyyətləri, mədəni dəyərləri və fərdi inkişaf faktorlarını nəzərə alaraq tədqiqatların aparılmasına və sistematik yanaşmalara böyük ehtiyac var”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Azərbaycan məktəbi" jurnalının yüzilliyinə həsr edilmiş "Azərbaycan məktəbi 100" adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bu sahədəki boşluqlar bir çox səbəblərlə, məsələn, elmi araşdırmaların yetərsizliyi, təhsil proqramlarında milli kontekstin az nəzərə alınması və ya mövcud metodikaların daha çox ümumi modellərə əsaslanması ilə bağlı ola bilər:

“Azərbaycan cəmiyyətinin sosial-mədəni xüsusiyyətlərini nəzərə alan, yerli şəraitə uyğunlaşdırılmış və yaşa bağlı inkişaf faktorlarını öyrənən tədqiqatların aparılması həm təhsil siyasətini, həm də metodologiyanı daha effektiv hala gətirə bilər”.

Nazir əlavə edib ki, azərbaycanlı uşaqların yaş qruplarına uyğun olaraq onların öyrənmə tərzləri, psixoloji xüsusiyyətləri və təhsil ehtiyacları daha detallı araşdırıla bilər. Bunun əsasında yaşa uyğun proqramların hazırlanması çox faydalı olar:

“Təhsil sistemində milli dəyərləri əks etdirən materialların artırılması və tədris prosesinə daxil edilməsi milli kimliyi gücləndirə bilər. Bu, gənc nəsil üçün həm motivasiya, həm də özünüdərk baxımından əhəmiyyətlidir”. 

Emin Əmrullayev ədəbiyyat və tədris proqramlarına yenidən baxılması məsələsinə də toxunub:

“Mövcud tədris materiallarının tədqiqi, onların müasir elmi və pedaqoji tələblərə uyğun yenilənməsi, həmçinin milli kontekstdə yeni baxışların daxil edilməsi çox önəmlidir”.

Nazir qeyd edib ki, azərbaycanlı müəlliflər tərəfindən yazılmış, yerli kontekstə uyğun olan tədris və tədqiqat əsərlərinin hazırlanması, eləcə də mövcud problemlərin praktik həlli yollarını təklif edən elmi işlərin artırılması vacibdir:

“Bu məsələlər üzrə müasir elmi yanaşmaları və milli dəyərləri birləşdirən kompleks yanaşmalar tətbiq edilsə, həm təhsil keyfiyyəti yüksələcək, həm də milli məkanın ehtiyaclarına cavab verən yeni tədris modelləri formalaşacaq. Bunun üçün həm dövlət, həm də müstəqil elmi qurumlar arasında əməkdaşlıq gücləndirilməlidir”.