Elm və Təhsil Nazirliyi və "Kapital Bank" arasında uğurlu əməkdaşlıq davam edir

12 Fevral, 2026 - 10:56
Elm və Təhsil Nazirliyi və "Kapital Bank" arasında uğurlu əməkdaşlıq davam edir

Elm və Təhsil Nazirliyi ilə "Kapital Bank" arasında formalaşmış əməkdaşlıq çərçivəsində 2025-ci il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən bir sıra sistemli layihələr həyata keçirilib. Bu təşəbbüslər təhsil ekosisteminin inkişafına, gənclərin potensialının reallaşdırılmasına və sosial rifahın yüksəldilməsinə xidmət edir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, əməkdaşlığın ən uzunmüddətli və genişmiqyaslı istiqamətlərindən biri Respublika fənn olimpiadalarına göstərilən dəstəkdir. "Kapital Bank" 2017-ci ildən etibarən olimpiadaların təşkilinə töhfə verir. 2017–2025-ci illər ərzində 335 minədək şagird olimpiadalarda iştirak edib, 3 082 nəfər isə qalib adını qazanıb.
 
Ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində Bakı Mühəndislik Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Texnologiya Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Dövlət Universitetində müasir “Kapital Bank” otaqları yaradılıb. Bu otaqlarda bank mütəxəssisləri tərəfindən keçirilən təlimlər tələbələrin real iş mühiti ilə tanış olmasına imkan yaradır.

"Birbank"ın təşəbbüsü ilə reallaşdırılan “Dəyişiklik səndən başlayır” layihəsi gənclər və uşaqlar arasında bullinqə qarşı mübarizəni və təhlükəsiz sosial mühitin formalaşdırılmasını hədəfləyir. Layihə çərçivəsində müəllim və təlimçilər üçün beynəlxalq təcrübəyə əsaslanan təlimlər keçirilir.
 
Eyni zamanda “Qırmızı Ürəklər” Fondu ilə birgə icra olunan “Onu Oxut” aksiyası vasitəsilə həssas əhali qruplarından olan 94 tələbəyə təhsil dəstəyi göstərilib.
 
Bundan əlavə, "Kapital Bank", Təhsilin İnkişafı Fondu və “Visa” şirkətinin birgə layihəsi olan “TələbəPlus” çərçivəsində hazırda 25 universitet üzrə 190 min tələbə vahid güzəşt və endirimlərdən yararlanır. Təhsil sahəsində çalışanların sosial rifahının yüksəldilməsinə yönəlmiş “TəhsilPlus” layihəsinin isə 2026-cı ildən etibarən tətbiqi planlaşdırılır.
 
Elm və Təhsil Nazirliyi ilə "Kapital Bank" arasında əməkdaşlıq gələcək dövrdə də təhsilin inkişafına yönəlmiş layihələrin dəstəklənməsinə töhfə verməyə davam edəcək.